Hesabı qonaqlar açdı, matçda son nöqtəni meydan sahibləri qoydu. Bu ssenari bir görüşdə ev yiyələrinin xal qazanmasına yetmədisə, digərində mümkün oldu.

Azərbaycan Premyer Liqasında 5-ci tur sürprizlə başladı. “Qarabağ” xala həsrət “Keşlə” ilə görüşün favoriti olsa da, yekunda qələbəni əldən verdi. Baxmayaraq ki, matçda diqtə edən tərəf məhz ağdamlılar idi. Qurban Qurbanovun yetirmələri üstün futbol sərgiləyib hesabı açmışdı, üstəlik, bakılılara epizod yaratmağa imkan vermirdi.

Konfrans Liqası matçı öncəsi əsas heyətə güvənən Qurbanov futbolçuları tonusda saxlamaq üçün rotasiyaya ehtiyac duymamışdı. Amma yarışlar arasındakı fərqin yaratdığı arxayınlıq ağdamlıların başında çatladı. Ani diqqətsizlik “Keşlə”nin hesabı bərabərləşdirməsinə şərait yaratdı, qalan dəqiqələrdə isə hesab dəyişmədi.

Bəlkə də bu xal Sənan Qurbanovun istefasını bir qədər ləngitdi. Amma maraqlı olan bakılıların baş məşqçinin yoxluğunda daha yaxşı oynaması və dönüş etməsiydi. Qurbanov ilk yarının sonunda hakimlə mübahisə üzündən qırmızı vərəqə aldı və onun ehtiyat oyunçular skamyasında yaratdığı yersiz süni gərginlik səngiyən kimi meydan sahibləri özünə gəldi. Sənan bəy üçün ən üzücü məqam bərabərlik qolunu məhz Aldair Netonun vurması oldu. Bir həftə öncə məşqçi tərəfindən aşağılanan, transferinin yanlış olduğu deyilən legioner həm yaxşı oynadı, həm də xal gətirən qola imza atdı.

Ötən tur darmadağın olan “Səbail” yenə uduzdu. Bayıl təmsilçisi 40 dəqiqə ərzində iki top buraxmaqla işini çətinləşdirdi, fasilə ərəfəsində fərqi azaltsa da, daha artığına gücü çatmadı. Davit Volkovun dubluyla istəyinə çatan “qartallar” oyunun əksər hissəsində diqtə edən tərəf idi və layiq olduğu xalları qazandı. Səfərdə qarşısıalınmaz olan qəsəbə təmsilçisi ev matçlarındaqələbə qazanmağı bacarsa, daha üst pillələrdə qərarlaşar.

Amma o da var ki, “Zirə” hakimlərin önə çıxmadığı matçlarda istəyinə nail olur. Rəşad Sadıqovun yetirmələrinin xal itirdiyi ev matçlarının hamısında nəticəni hakimlər müəyyənləşdirib. Deməli, qəsəbə təmsilçisinin ev sindromunun əsas səbəbkarı məhz fit sahibləridi.

Tur bu gün baş tutacaq daha iki oyunla yekunlaşacaq. Ümid edək, nəticəni kənar qüvvələr deyil, dünən olduğu kimi, məhz komandaların özləri müəyyənləşdirəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp