AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov xurcununu götürüb el-obanı gəzdiyi bir vaxt “Qarabağ” Kiprdə tarix yazdı. Ağdamlılar öz işindədi, Azərbaycan futbolunun yükünü illərdi çiynində daşıyır, ölkəni ən yaxşı şəkildə təmsil edir. Saxta təbliğatla məşğul olan məmur isə 15 il ölkə futbolunu çapıb-taladıqdan sonra indi yadına düşüb ki, bölgələrə getmək, uşaqlara heç olmasa, 5-6 forma hədiyyə etmək lazımdı. Və bunu quyruğu qapı arasında qaldığı, bütün uğursuzluqlara səbəbkar olduğu ifşa edildiyi üçün edir. İndi kimlərəsə fotosessiyalar göstərmək lazımdı. Məsləhətimdi: Məmmədovun səfərlərindən çəkilən görüntülərin əvəzinə “Tülkü Həccə gedir” cizgi filmini izləyin.

“Qarabağ” Konfrans Liqasında H qrupunun lideridi. Bakıda əla oynamasına rəğmən, “Bazel”i yenə bilməyən ağdamlılar bunun əvəzini Kiprdə “Omoniya”dan çıxdı. Gözəl oyun, sıralanan qollar və darmadağın…

Hesabı rəqibin açdığı görüşdə 4:1 mükəmməl nəticədi. İlk dəfə qrup səddini aşmaq üçün əla şans yaranıb. “Qarabağ” üstün olduğu ilk yarıda təsadüfi qolla hesabda geri düşsə də, fasilədən sonra mübarizlik nümunəsi göstərdi, öz dəst-xəttindən imtina etmədi və qələbə gəldi. Xayme Romeronun yoxluğunda bu dəfə sağ cinahda oynayan Kadi Borges necə nöqtə transfer olduğunu dublu ilə sübut etdi.

Təbii ki, qələbənin memarı baş məşqçi Qurban Qurbanovdu. Oyunçuların əziyyəti öz yerində, məhz onun düzgün seçimləri sonucu müəyyənləşdirdi. Hamının əlini üzdüyü Ramil Şeydayevə sonacan güvənən, ona dəstəyini əsirgəməyən məşqçinin etimadını elə bu hücumçu doğrultmağı bacardı. Vacib qol, ardınca qazanılan penalti Ramili daha da ruhlandıracaq. Meydana girdikdən dəqiqələr sonra “Omoniya”nın ümidlərini qıran Şeydayev özü də rahat nəfəs ala bilər.

Oyunu hamı izləyib və təbii ki, qələbənin gətirdiyi məmnunluqla zövq alıb. “Qarabağ” elə oynadı ki, hətta hesabda geri olarkən də tamaşaçıya ümid verirdi, hər an qol gözləyirdin. Səhvlər, çatışmazlıqlar da vardı və Qurbanova əlavə nəyisə göstərməyə ehtiyac yoxdu, dünən matçın gedişində etdikləri kimi onları da aradan qaldıracaq. Bəzi “ağıllı ekspertlər”in oyunsonrası şərhlərinə də fikir verməyin. Kipr klubunu az qala məhəllə komandası səviyyəsinə endirənlər sadəcə, “Qarabağ”ın mükəmməl oyunu barədə danışmağa ehtiyat edənlərdi.

“Qarabağ” hətta qələbə qazanmasaydı da, oyunuyla alqışı haqq etmişdi. Komanda belə futbol sərgiləməyə davam etdikcə nəticələr özü gələcək. Qurbanov 10 ildi düz yolda olduğunu isbatlamağa davam edir. Və onun xidmətlərini əyani göstərən daha biri var – Mahir Emreli. Dünən Avropadakı hər iki təmsilçimiz üzümüzü ağ etdi.

Maraqlı olan bu qədər uğur qazanan “Qarabağ”ın həm də SOCAR-dan maliyyə yardımı almayan yeganə klubumuz olmasıdı. Deməli, ağdamlılar AFFA-nın fabrik-komandaları kimi nəinki neft pullarını dağıtmır, əksinə, hər il ölkəyə valyuta gətirir. Bunun nəticələrlə eyni zamanda reallaşdırılması məhz mükəmməl klub işinin, doğru idarəetmənin mükafatıdı.

“Qarabağ” pul qazanır, yüksək nəticə göstərir, ölkəni ən yaxşı şəkildə təmsil edir, eyni zamanda milli komandaya futbolçu yetişdirir. Mahir bir üst səviyyəyə yüksəldilib, indi Toral Bayramovun simasında yeni ulduz parlayır. Bu, həmin Toraldı ki, dağılmış “Xəzər Lənkəran”da top qovmağa başlayıb. Tərslikdən Elxan Məmmədov da Lənkəran, Quba, Mingəçevir, Gəncə kimi istedadların bol olduğu bölgələrimizə yox, indiyədək hətta komandası olmayan rayonlarımıza baş çəkir, qohum-qardaşını ziyarət edir. Tovuz səfərini saymayaq – ora gedişin məqsədi başqaydı, şəriki Oqtay Abdullayev bilir. Qəbələdə isə Heydərovların illərdi əmək verib ərsəyə gətirdiyi akademiyada şəkil çəkdirmək lazım idi, qovluğa qoyulacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp