“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Malinovskinin futbolinfo.az saytına müsahibəsi:

  • “Omoniya” üzərində möhtəşəm geridönüşlə qazanılan qələbə barədə fikirlərin necədir?
  • Siz də gördünüz ki, hətta birinci hissədə hesabda geri düşməyimizə baxmayaraq, üstün tərəf biz idik, oyuna nəzarət edirdik. Bir neçə qol vəziyyətimiz oldu. Onların güclü tərəfi standart vəziyyət idi ki, qolu da belə vurdular. Baxmayaraq ki, bizim daha çox qol şansımız oldu. Fasilədə soyunub-geyinmə otağına gəldik və baş məşqçimiz nəyi yaxşılaşdırmalı olduğumuzu bizə dedi. Çünki hər şeyi edirdik və xırda detallar var idi ki, onu düzəltməli idik. İkinci hissədə çıxdıq və daha da yaxşı oynadıq. Bu, hesabda da öz əksini tapdı.
  • Vurduğun qol sanki “Qarabağ”a nəfəs verdi. Həm gözəl alındı, həm də geridönüş üçün başlanğıc oldu. Yəqin ki, özünü xoşbəxt sayırsan?
  • Fasilədən sonra daha erkən qol vurmağı düşünürdük. Fikirləşirdik ki, qol gecikməsin və əsəblərimiz tarıma çəkilməsin. Bilirdik ki, bəzən üstün olursan, amma top qapıya girmir. Vəziyyətin o həddə gəlməsini istəmirdik. Buna görə düşünürəm ki, vurduğum qol komandaya rahatlıq gətirdi. Artıq oyunu dəyişməyin vaxtı idi. Qələbə toplarını vurmaq üçün çalışdıq. O baxımdan zamanında vurulmuş qol oldu. Buna görə də çox sevinirəm. Komandama kömək etdiyim üçün şadam.
  • İlk hissədə qol buraxsanız da, hamı düşünürdü ki, komanda mütləq qalib gələcək. Sizdə də fasilədə bu inam var idi?
  • Düşünürəm ki, heç kəsin ağlından keçmirdi ki, “Qarabağ” bu oyunda məğlub olar. Çünki qol buraxanda belə mən komanda yoldaşlarımın üzünə-gözünə baxdım, onlarda məğlub görkəmini görmədim. Qoldan sonra hamı bir-birinə dəstək olmağa başladı. Komanda yoldaşlarımda döyüşçü ruhunu hiss edirdim. Əsl qalib ruhu var idi. Həm də sınaq kimi idi, qol buraxmaq, sonra geridönüş etmək. Komanda yoldaşarım sona qədər mübarizə apardılar.
  • Ümumiyyətlə, bura gəldiyindən az müddət sonra komanda üçün vacib fiqura çevrildin. Tez adaptasiyanın sirri nədir?
  • Burada hər hansı bir sirr yoxdur. Fərddən asılı olan şeydir. Kimsə getdiyi ölkəyə tez, kimsə gec öyrəşir. Fərqli mədəniyyətlər var. Bir də bunu çox istəmək lazımdır. Mənim üçün çox vaxt tələb olunmadı. Hələ öyrənəcəyim çox şey var, çünki tamamilə yeni ölkədəyəm. Nəyin necə xoşlanıb-xoşlanmadığını öyrənməliyəm. Həqiqətən gəldiyim müddətdə yeni gördüyüm şeylərlə maraqlanırdım ki, adaptasiya olum. Çox istəyirdim. Xüsusi bir düstur və ya sirr yoxdur.
  • Azərbaycana gələndə heç düşünürdün ki, burada çox önəmli oyunçu olacaqsan?
  • Gözləntilərim çox idi. Bilirdim ki, burada məni yaxşı mənada fərqli şeylər gözləyir. “Qarabağ”ın adı, tarixi, ölkədə necə önəmli olduğunu bilirdim, maraqlanmışdım. Bir futbolçu kimi inkişaf etmək üçün klub tərəfindən mənə imkanlar yaradılacağına əmin idim. İnkişaf edəcəyimi düşünürdüm. Yenilikləri xoşlayıram, çətinliklərdən qorxmayan biriyəm. Daha da “artıracağıma”, daha yaxşı oynaycağıma inanıram.
  • Bu qələbədən sonra hamıda bir inam yaranıb ki, “Qarabağ” bu turnirdə çox irəli getməlidir. Potensial var və qrupdan çıxmaq üçün əla şans yaranıb. Razılaşırsan?
  • Biz də futbolçu kimi qrupdan çıxmağı arzulayırıq. Həm də bilirik ki, Konfrans Liqası daxili yarışlardan fərqlənir. Diqqətli olmaq lazımdır. Bir qələbədən sonra biz qrupdan çıxacağıq deyə bir şey yoxdur. Bu düşüncələri qırağa qoymaq lazımdır. Bunun davamını növbəti oyunlarda gətirmək lazımdır. Hamımız buna köklənməliyik ki, nəhayət qrupdan çıxaq.
  • Görünən mənzərə odur ki, qrup birinciliyi də qazanıla bilər. Sən nə düşünürsən?
  • Bu düşüncələr bizdə yoxdur, çünki belə fikirlər bəzən uçuruma aparır. Yenə deyirəm ki, hər dəfə daha yaxşı olmağa çalışmalıyıq. Oyunlara qalan vaxtlardan səmərəli istifadə etməliyik. Oyundan-oyuna düşünməliyik. Qarşıda çox oyun var.
  • Qarşıda milli komandalara görə fasilə yaranacaq və fasilədən sonra Konfrans Liqasına davam edəcəksiz. Necə düşünürsən yüksək temp yaxalayan “Qarabağ” üçün bu fasilə problemli olmayacaq?
  • Düşünmürəm ki, bu komandaya hər hansı mənfi təsir edəcək. İndi də yaranan fasilədə individual olaraq çalışmaq, bəzi çatışmazlıqları aradan qaldıra bilərik. Xüsusi, spesifik çalışmalar var ki, onların üzərində işləmək olar. Hər şeydən fayda götürmək lazımdır. Kollektiv olaraq oyunumuzda eniş, problem olacağını fikirləşmirəm.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp