Premyer Liqada iki komanda hədəfdədi. Hakimlər ya “Sabah”ın, ya da “Zirə”nin əleyhinə səhv edir. Daim haqqı tapdananlar eyni komandalar olursa, artıq burada təsadüfdən danışmaq mümkün deyil.

“Zirə” birtəhər toparlanıb vəziyyətdən çıxdı. İlk 4 turun 3-də məhz hakim qərəzi üzündən xallar itirən “qartallar” ədalətli idarəçiliyin olduğu digər 3 matçın hamısında qalib gəlib. “Sabah”da isə vəziyyət fərqlidi – startda komandanın özündə müəyyən problemlər var idi, yeni yığılan heyət komplektləşməmiş, vahid ansambl ola bilməmişdi. Ardınca hakimlər də badalaq vurmağa başlayınca “Sabah” özünə gəlməyi bacarmadı.

Yalnız “Zirə”ylə matçda hakimlər “Sabah”a fərqli davranıb. Lakin onda da məqsəd Ramin Quliyevin yetirmələrinə kömək etmək yox, hər iki “hədəf”i büdrədib 1 xalla kifayətləndirmək olub. İstəklərinə çatıblar…

Və dünən “Keşlə” ilə matçda hakimlər “Sabah”ın xal qazanmaması üçün hər şey etdi. Düzdü, qonaqlar ilk yarıda zəif oynadı, yalnız saatın tamamında özünə gəldi. Bununla belə, hakimlərin “görmədiyi” iki penalti epizodu dönüş yaratmaq üçün kifayət edirdi. Son 15 dəqiqədə hakimlər cərimə meydançasında nə Elvin Camalovun tapdalandığı, nə də “Keşlə” futbolçusunun voleybol oynadığı epizodu düzgün qiymətləndirmədi. Həmin məqamda hesab 1:0 idi və bu səhvlər birbaşa nəticəyə təsir etdi.

Söhbət təkcə penalti epizodlarından  getmir – bunlar azarkeşlərin gözüylə görünən məqamlardı. Oyun içində o qədər mübahisəli, ikili standartlara söykənən anlar var idi ki. “Sabah” məhz bu cür çökdürülür…

Təsadüfi deyil, “Sabah”ın baş məşqçisi Ramin Quliyev matçdan sonra məhz buna üsyan edirdi: “İlk turdakı “Səbai”lə matçda da baş hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la hansısa qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi, yalnız son dəqiqələrdə sarı vərəqə göstərdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, leyhimizə təmiz penalti verilmədi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin? Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir”.

Normalda bu açıqlamaya görə məşqçi İntizam Komitəsi tərəfindən cəzalandırılmalıdı. Lakin AFFA-nın buna cəsarəti çatmaz, çünki olayın böyüməsinin yox, unudulmasının marağındadılar. Axı, Quliyev cəzalansa, onun nəyə görə belə açıqlama verdiyi daha ciddi araşdırılacaq və hakimlərin bu komandaya qarşı qərəzi ictimailəşəcək.

“Sabah”da problemlər var, nəticələr yaxşı deyil və hamı da turnir cədvəlinə baxır. Lakin ötən 6 turda hakimlər bu komandanın “Səbail”, “Qəbələ”, “Keşlə” ilə matçlarda minimum 8-9 xalını oğurlayıb və hakim müdaxiləsi olmasaydı, indi başqaları autsayder olardı.

Klub rəhbərliyi özü də silkələnməlidi. Hakimliklə bağlı AFFA-dan hesabat istənməli, niyə hər dəfə hədəfə gəldiklərini araşdırmalıdılar. Eyni zamanda komandada da ciddi işlər görülməlidi. Bütün bunlar məşqçi və futbolçulara bəhanə verməməlidi, komandanın oyununda ciddi çatışmazlıqlar var.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp