“Keşlə” Premyer Liqanın 6-cı turunda ilk qələbəsini qazandı. Komanda buna görə Fərid Hacıyevə minnətdar olmalıdı. Məhz bu hakim ötən həftə “Qarabağ”la matçda bakılıların baş məşqçisi Sənan Qurbanovu tribunaya göndərməklə əsas işi gördü.

İstefası gündəmdə olan, uğur qazanmağın yolunu heç cür tapa bilməyən Qurbanovun oyundan qovulmasından sonra “Keşlə” 3 qol vurub, qapısını toxunulmaz saxlayıb və 4 xal əldə edib. Ağdamlılarla matçın ikinci hissəsində dönüş yaradıb məğlubiyyətdən qaçan paytaxt təmsilçisi dünən tribunada əyləşməyə məcbur olan cəzalı Sənanın yoxluğunda son pillədən də qurtula bildi.

Oxuduqlarınız zarafat xatirinə, istehzayla yazılan cümlələr deyil. Qurbanov “Keşlə”nin ehtiyat oyunçular skamyasında yersiz gərginlik yaradır, bəzən gərəksiz müdaxilələrlə komandanın rahat oynamasına mane olur. Və bu, görünür, rəhbərliyin də diqqətindən yayınmayıb. Dünən “Sabah”la matçda yaşananlar göstərdi ki, “Keşlə”də baş məşqçi məsələsi həll olunub. İndiyədək səsi çıxmayan bəzi futbolçular artıq baş məşqçdən önə çıxıb, oyundaşlarına ondan daha çox göstəriş verir. Və hər zaman köməkçilərinə hətta yerindən qalxmağa imkan verməyən Qurbanov indi sözəbaxan uşaqlar kimi “dəcəllər”i seyr etməklə məşğul idi.

Matçın gedişində komandaya tribunadan Sənan Qurbanov, iki ildi ehtiyatda qalan veteranlar – Rail Məlikov, Ruslan Əmircanov və Kamal Bayramov, ehtiyat oyunçular skamyasından Zaur İsmayılov, Kamal Quliyev, Cəmaləddin Əliyev göstəriş verirdi. Bir komandada 7 söz sahibi varsa, orada müqəvva kimi əyləşməyə dəyməz. Sənan Qurbanov bunu özünə yaraşdırırsa…

AĞA

P.S.: Fotoda obyektivimizə futbolçulara göstəriş verən 7 nəfərdən beşi düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp