Premyer Liqada 6-cı turun 3 matçı arxada qalıb. “Qarabağ” – “Qəbələ” oyunu da yekunlaşsın, AFFA Hakimlər Komitəsinin açıqlamalarını gözləyək. Axı, bu qurum hakim qərarlarını məhz səbəbkarların özlərinin dəyərləndirəcəyini vəd edib.

Təbii, hakimlikdə durum o qədər bərbaddı ki, səhvlərsiz keçinmək mümkün olmur. Hətta bəzi qərarların qərəzli olduğunu görür, sifarişli olmasından şübhələnirik. Bu baxımdan “Keşlə” – “Sabah” görüşü xüsusilə seçilir. Həm də sözügedən qarşılaşmadakı epizodlar birbaşa VAR protokoluna uyğun gəlir, deməli, müsahibə zamanı həmin məqamlardan qaçmaq mümkün olmayacaq.

Lakin tur ərzində ciddi söz-söhbətə səbəb olmayan, hamının diqqət etmədiyi qərarlar da var idi. Onlardan yalnız birini qeyd kimi xatırladır, AFFA-nın bu məqama da aydınlıq gətirməsini istəyirik. Həmin anların VAR protokoluna uyğun olmamasını bəhanə etməsinlər, bəlkə də bu ikili yanaşma nəticədə mühüm rol oynadı.

“Səbail” – “Neftçi” matçının 38-ci dəqiqəsi – Meydan sahiblərinin hücumçusu Rauf Əliyev ona qarşı kobudluq edən Mərt Çəlikdən qurtularaq cərimə meydanına daxil olur. Forvard qapıçıyla üz-üzə qalmaq imkanı qazanmışkən hakimin fiti eşidilir, Vüqar Həsənli “Neftçi”nin müdafiəçisinə sarı vərəqə göstərib cərimə zərbəsi təyin edir. Halbuki üstünlük prinsipi əsas götürülərək hücum davam etdirilməliydi, həmlənin yekunundan asılı olmayaraq, Çelik cəzalanmalıydı…

…Bu epizoddan cəmi 2 dəqiqə sonra – “Səbail”in müdafiəçisi Adil Nağıyev cərimə meydançası qarşısında Sezar Meza Kollini kobudluqla dayandırır. Baş hakim top “Neftçi”də qaldığı üçün oyunu dayandırmır, qonaqların hücumu yekunlaşdırmasına şərait yaradır. Yalnız top itirildikdən sonra Adil sarı vərəqə alır.

2 dəqiqə içində reallaşan 2 eyni epizod, 2 fərqli yanaşma… Həmin vaxt hesabın 0:1 olduğunu nəzərə alsaq, ilk epizodda ikincidəki kimi doğru davranılsa, matçın gedişatını dəyişəcək bərabərlik qolu vurula bilərdi.

Bu məqamdan sonra hakimlərin hamıya ədalətli davranmasına təbii şübhə yaranır. Söz yox, “Neftçi” rəqibindən çox güclü idi və lider olmağa da layiqdi. Hətta çempion istəsəydi, 3 oyuna 10 top buraxmış rəqibini darmadağın da edə bilərdi. Burada məsələ “Neftçi” deyil, Həsənlinin bir-birinin eyni olan epizodlara fərqli yanaşmasıdı. Cənab Frits Stuxlik, zəhmət olmasa, VAR protokolunu bəhanə etməyin, Vüqar Həsənlinin də sırf bu epizodla bağlı müsahibəsini təşkil edin. Gözləyirik…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp