“Sabah” Premyer Liqanın 6-cı turunda “Keşlə” ilə matçda (0:2) hakim idarəçiliyindən narazı qalıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bununla bağlı AFFA Hakimlər Komitəsinə şikayət ünvanlayıb.

Şikayətdə görüşdəki hakim idarəçiliyi, xüsusilə 87-ci dəqiqədə verilməyən penalti qabardılıb. Bundan başqa, əvvəlki oyunlarda da komandanın əleyhinə qərarların verildiyi qeyd olunub.

“Keşlə” – “Sabah” oyununu Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Onlar matçın sonlarında iki mübahisəli qərarla yadda qalıb.

İlk epizodda Elvin Camalov cərimə meydançasına daxil olarkən Felipe Santosla mübarizə zamanı yerdə qalıb. “Sabah” penalti istəsə də, hakim davam işarəsi verib. Təkrarda ayağa toxunuş müşahidə edilib.

Digər epizodda Aleksey İsayevin sol cinahdan etdiyi ötürmədən sonra top cərimə meydançasında Rafael Məhərrəmlinin əlinə dəyib. Əhmədov bu dəfə də davam işarəsi verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp