Futbol üzrə İrlandiya millisinin müdafiəçisi Con İqan DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq. Dublindəki matç çətin alınmışdı. İstədiyimiz nəticəni almadığımız üçün məyus olmuşduq. Bu dəfə qalib gəlmək istəyirik. Baxmayaraq ki, rəqibin heyətində texnikalı futbolçular var.
İlk görüşə yaxşı başlamışdıq. Amma 15-20 dəqiqədən sonra rəqib bizim üçün həyatı çətinləşdirdi. Uzaq məsafədən gözəl qolla hesabı açdılar. İkinci hissədə təzyiqi artırıb hesabı bərabərləşdirdik. Təəssüf ki, qələbə qolunu vura bilmədik.
Düşərgədə əhval-ruhhiyə yüksək səviyyədədir. Komandada vəziyyət normaldır. İstədiyimiz nəticəni qazanacağımıza inanırıq. Qələbə gənclərin özünəinamını artıracaq.
Futbolçu komanda yoldaşı Kallum Robinsonun koronavirus əleyhinə pevənddən imtinası ilə bağlı məsələyə də toxunub: “Hər kəsin öz fikri, seçim hüququ var. O, vaksinə qarşı olduğunu deməyib. Sadəcə, bildirib ki, hələ peyvənd vurdurmaq istəmir. Bu məsələni kənara qoyub sabahkı görüşə köklənmək istəyirik”.
Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.