Məlum olduğu kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) – COVID-19 testi pozitiv nəticələnib.
Futbolinfo.az xəbər verir ki, Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.
AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.
Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.