Bu biabırçılığın yekununda kimsə qurban verilməlidi. Məğlubiyyət, acınacaqlı nəticə varsa, tənqid, ictimai qınaq, narazılıq təbiidi. Və AFFA hədəf yayındırmaq üçün bütün gücünü sərf edərək tənqidləri baş məşqçinin üzərinə yönəldir. Maliyyələşdirdiyi, sahibi olduğu “CBC Sport”da təbliğat aparmaqla, sözünün eşidildiyi digər kanallar vasitəsi ilə…

Canni de Byazi qurbanlıq seçilib, ağ yuyulub, qara sərilir. Həqiqət var, amma bu adamı bəh-bəhlə gətirənlərin, onu Azərbaycana gəlmiş ən yaxşı, millimizə ən uyğun məşqçi kimi təqdim edənlərin qısa zaman sonra yön dəyişməsi gülünc görünür. Bu, həmin məşqçidi ki, təyinatı üçün 3 dəfə cəhd edilib, Qurban Qurbanov qurban verilib, Nikola Yurçeviç bir ili ötüşdürmək üçün gətirilib və nəhayət, de Byaziyə qovuşulub. Nə oldu, de Byazinin yaxşı məşqçi olmadığını indi anladız? Axı, illərdi futbolumuzun probleminin baş məşqçi postuyla bağlı olmadığını vurğulayırıq.

İllərdi məşqçi dəyişirik, hər rəngdə, hər “sort”da, hər qitədən, hər millətdən əcnəbi gətirmişik. Nəticələr düzəlmirsə, deməli, problem daha dərindədi – toplananların yerini dəyişəndə cəm dəyişmir. Balıq başdan iylənib, AFFA rəhbərliyi dəyişməlidi, futbolda islahatlar aparılmalıdı, bu sahə mütəxəssislərinə tapşırılmalıdı, top oyununa biznes obyekti kimi baxan marketoloq ünsürlərə yox…

Dünənki oyun sübut etdi ki, yeganə xalımız səbəb olan, İrlandiyada qeydə alınan heç-heçə təsadüfi imiş, biz Lüksemburqa uduzacaq qədər bərbad milli komandaya, futbol təsərrüfatına malikik. İrlandiya futbolu bu gün böhrandadı, pis günlərini yaşayır, Bakıya əsas heyətin yarısı olmadan gəlmişdi. Və bütün bunlara rəğmən, Bakıda darmadağına sevindilər. İndi görün biz nə gündəyik?!

Hansısa futbolçunu qınamaq, oyunu analiz edib məşqçinin səhv seçimlərini qabartmaq olar. Əmin olun ki, bu, heç nəyi dəyişməyəcək. Böyük vədlərlə gətirilən, başına milyonlar səpilən de Byazi günahkar deyil. Heç bir məşqçi belə futbol idarəetməsiylə daha yaxşısını bacarmaz. İtaliyalı komandanı öncə Millətlər Liqasında ən zəiflərin yığışdığı qrupun autsayderi etdi, ardınca da cari seçmə mərhələnin bitiminə 3 tur qalarkən sonuncu pilləni demək olar, “ələ keçirib”. Seriyada qələbə qazanmağın möcüzə sayıldığını nəzərə alsaq, artıq yerimiz məlumdu.

Hamı futbol oynamağı öyrənib, hamının iddiası artıb – bizdən başqa. Azərbaycan futbolu dövlət tərəfdən maddi cəhətdən ən yüksək şəkildə qayğıyla təmin olunan azsaylı ölkələrdəndi. Top oyununa o qədər böyük maliyyə ayrılıb ki, hətta futbolçular məğlub olduğu matçlardan sonra mükafat alır, milliləşənlərə sərvət ödənilir, infrastrukturun qurulması üçün dövlət heç nəyi əsirgəməyib, ən zəngin dövlət şirkəti bu sahəyə təhkim edilib. Amma məhz dövlət başçısının açılışını etdiyi bütün stadionlar dağıdılıb, sponsorlar küsdürülüb, mütəxəssislər kənara atılıb, milyonlar işbaz marketoloqların zənginləşməsinə səbəb olub. Əvəzində futbol yoxsullaşıb, məhv olub.

Dünən İrlandiya üzərində qələbə qeydə alınsaydı, nə olacaqdı ki? Yalançı görüntü, təsadüfi qələbə, saxta təbliğat və itirilən daha bir neçə il. Futbol Tanrısının bu azarkeşlərə yazığı gəldi, Rövnəq Abdullayevə, Elxan Məmmədova, Elşad Nəsirova növbəti bəraət imkanını vermədi, düşünmək, qərar vermək üçün dövlət başbilənlərinə “ötürmə etdi”.

De Byazi günahkarlar arasında ən məsumudu, təklif gəlib,pul qazanmaq imkanını boşa verməyib. Amma əsl futbol caniləri AFFA-da əyləşənlərdi, onlar rədd olmayana kimi belə mənzərələrlə tez-tez qarşılaşacağıq. Hər sahədə rəzil günə qoyduğumuz mənfur qonşularımıza məhz xalqın belə düşmənləri sayəsində aşağıdan yuxarı baxırıq. “Dəmir yumruq” strategiyasını korlayan, ona xələl gətərən Elxan Məmmədovun “mütəşəkkil dəstəsinə” şapalaq vurmağın zamanı çoxdan yetişib.

CAVAD

Shares: