AFFA rəhbərliyi susur, milli komandanın biabırçı nəticələrinə görə kimsə özündə açıqlama vermək cəsarəti tapmır. Halbuki buna borcludular. Hətta İcraiyyə Komitəsinin təcili toplanması vacibdi.
Səbəb yalnız əsas milli komandanın İrlandiyaya məğlubiyyəti deyil. Digər yığmalarımız da biabırçı durumdadı, hər gün vəziyyət daha da pisləşir. İcraiyyə Komitəsi yığışmalı, milli komandalara cavabdeh təyin edilən vitse-prezident Elşad Nəsirov, “daha yaxşı nəticələr” vədi ilə gətirilən Canni de Byazi hesabat verməlidi.
Problemin məşqçi və futbolçularla bağlı olmadığı artıq hamıya aydındı. Dünən məşhur Teleqram kanallarında bununla bağlı 2 oxşar sorğu keşirilib, dövlət rəhbərliyinin fikrinə önəm verdiyini dəfələrlə vurğuladığı sosial şəbəkə istifadəciləri, ictimaiyyət münasibət göstərib. Respondentlərin ¾ hissəsi günahkarın AFFA rəhbərliyi olduğunu bildirməklə islahat hədəfini də göstərib.
Maraqlıdı ki, bir sorğuda AFFA idarəçilərinin özbaşınalığına göz yuman daha üst qurumlar 2-ci əsas günahkar kimi göstərilir. Deməli, futbolda başverənlərə lazımi reaksiya gecikdikcə tənqid hədəfi də dəyişir. Əvvəl futbolçular, daha sonra məşqçilər suçlu sayılardı, zamanla AFFA rəhbərliyinin daha çox günah sahibi olduğu fikri formalaşdı, indi isə onlara layiq olduğu münasibəti göstərməyənlər gündəmə gəlir…