Fərid Qayıbovun yeni gənclər və idman naziri kimi ilk səfərini AFFA-ya etməsini bəyənmədiyimizi yazmışdıq. O, AFFA-nın icraçı vitse-prezidenti, ən səriştəsiz rəhbər imicinə malik Elxan Məmmədovun ayağına getməklə öz xarizmasını çilik-çilik etmişdi. İndi isə bəlli olur ki, Fərid bəy elə həmin görüşdə Məmmədovun təsiri altına düşüb, dostlaşıblar və onu özünə örnək götürüb…

Günlərdi rayon-rayon gəzib fotosesiya edən Elxan Məmmədovun təbliğat planı 90 dəqiqəyə yerlə bir oldu. 14 ildi ayağı dəyməyən bölgələrin az qala yarısını bir həftəyə gəzən AFFA-nın icraçı vitse-prezidenti işgüzar imic yaratmaq istəyirdi. Qismən nail olmuşdu…

Əslində, turne futbol təsərrüfatıyla bağlı böyük narazılığın qarşısını almaq, ən azı azaltmaq üçün cəhd idi. Məmmədov rayonları gəzib şəkil çəkdirir, tirajlayırdı. Plana görə İrlandiya ilə ev matçında qələbə kuliminasiya nöqtəsi olmalı, onun korlanmış imicini azacıq təmizləməli, startı üçün qərar verilən islahat dalğasında Məmmədovun qorunmasına xidmət etməli idi.

Məmmədov irlandlarla səfər matçındakı aldadıcı yaxşı oyundan vəcdə gəlmiş, Bakıda bu rəqibi udmağın mümkünlüyünü hesablamışdı. Əslində, qüvvələr nisbəti baxımından bu komandanı yenmək mümkün idi, amma saf olmayan xislətin bumeranqı ağır oldu, bölgələrə səfərlərin gətirdiyi reklam boşa getdi. Əbəs yerə demirlər – adətən keyfiyyətsiz mallar reklam olunur.

Yeri gəlmişkən, Elxan bəyin hər gün fərqli rayondan fotolar paylaşmasına aldanmayın, o bütün bunları 3 günə edib. Məsələn, Lənkəran, Masallı və Cəlilabad səfərləri bir gün, konkret 5-6 saat içində reallaşıb. Hər dayanacaqda 5-6 şəkil, 10-15 dəqiqəlik formapaylama mərasimi və 2-3 dəqiqəlik şou-matç. Elxan bəy bir gündə 3 fərqli şəhərdə futbol oynamış biri kimi “Ginnesin Rekordlar Kitabı”na da düşə bilər.

Şoumen-marketoloq bu səfərlərin yekunu kimi AFFA-nın mətbuat xidmətinə müsahibə də verib. Dedikləri mənasız cümlə yığınıdı, diqqət etməməniz məsləhətdi. Amma 1-2 cümlə var ki, yadda saxlamaq gərəkir.

Məsələn, Məmmədov deyir: “AFFA son 10 ildə çoxsaylı infrastruktur layihələrinə sərmayə yatırıb. Bu prosesdə FIFA və UEFA da müəyyən maliyyə dəstəyi göstərib”.

AFFA kimdi ki, infrastruktur qursun? Assosiasiyanın böyük infrastruktur qurmaq üçün belə maliyyəsi varsa, o zaman hər il dövlət şirkəti olan SOCAR-dan 20-25 milyon manat vəsait niyə alınır? Əvvəlki illərdə olduğu kimi, təkcə ötən il SOCAR AFFA büdcəsinin tən yarısını – 11 milyon 400 min manatı təmin edib, bundan başqa 8 milyon 925 min manat müxtəlif klublara yardım kimi verilib, qurumun nəzdindəki stadionların saxlanmasına da bir o qədər vəsait sərf olunub. SOCAR-ın və ona bağlı şirkətlərin 4 Premyer Liqa klubuna birbaşa sponsorluq etdiyini nəzərə alsaq, dövlət hər il 100 milyon manatdan çox vəsaiti top oyunu üçün xərcləyir.

O zaman dövləti yaddan çıxarıb, AFFA, UEFA və FIFA-nın qayğısından danışmaq nankorluq deyilmi? SOCAR olmadan büdcəyə gələn 11,5 milyon manatın 90 faizi milli komandalara xərclənir. AFFA-nın qalan məbləğdən öz hesabına hətta işçilərinə maaş vermək imkanı yoxdursa, hansı infrastruktur layihələrindən danışılır? Bəli, Tovuzdakı akademiyanın böyük hissəsinin maliyyəsi beynəlxalq qurumlardan gəlib, amma dövlət qayğısı olmasaydı, Məmmədovun heç Tovuza getməyə benzin pulu olmazdı.

Yuxarıda rəqəmləri yazarkən, Məmmədova və dostlarına ödənən qeyri-rəsmi maaşları, aylıq 150 min manat paketi və s. hesablamamışıq. Və bu adam özünüreklam üçün AFFA-nı pul qazanan və onu inkişafa xərcləyən qurum kimi təqdim edir. Nankorluğun ən yüksək həddi…

Peşəkar futboldan bəhs etməyən, böyük oyuna həvəskar səviyyədə yanaşan, onun inkişafını yalnız “Region Liqası” həddində görən Məmmədovun son cümləsi isə həm də dövlətə ilişməkdi: “Təbii ki, problemlərimiz mövcuddur və futbol elə idman növüdür ki, problemlər hər zaman olacaq. Amma yenə də irəli getmək üçün birlikdə addımlamalıyıq. Bu isə təkcə AFFA-nın, klubların öhdəliyi deyil, həm də digər qurumların, iş adamlarının da sosial məsuliyyətidir”.

“Digər qurumlar” ifadəsi məhz Fərid Qayıbovun müsahibəsindən ilhamlanaraq deyilib. Elxan bəy öz günahlarına digər dövlət qurumlarını da şərik edir, idman nazirinin sitatını təkrarlayır. Axı, Fərid bəy bir neçə gün öncə müsahibəsində “komanda sayını artıraraq AFFA-ya kömək etməliyik” demişdi. Dolayısı ilə Qayıbov futbolun uçurumda olmasına görə dövləti günahlandırmış, uğursuzluqların əsas səbəbini komanda sayının az olmasında görmüşdü. Onun sözlərindən belə anlaşıldı ki, bugünə qədər komanda sayının artmamasının günahkarı dövlətdi, bundan sonra səhvlərini düzəldəcəklər.

Nazirin AFFA-ya səfərində nə baş veribsə, bu adamlar eyni dildə danışmağa, dövləti günahkar çıxarmağa başlayıb. Görəsən, bölgələrdə dövlət başçısının açılışını etdiyi, dövlətin ayırdığı maliyyə ilə inşa edilən, indi isə xarabazara çevrilən, Məmmədovun bölgələrə səfəri zamanı yanından belə keçmədiyi stadionları xatırlayırlarmı? 2005-15-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində futbola xərclənən 2 milyard manatdan çox vəsaiti də FIFA, UEFA-mı göndərmişdi? Bu qədər maliyyə düzgün xərclənməyibsə, nəticələr yoxdusa, dövlət günahkardımı? Qayıbov ümumi idmanı Məmmədov təfəkkürü ilə idarə edəcəksə, vay bizim halımıza…

FƏRİD

Shares: