Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra bilinəcək. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır.
Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.