Futbol üzrə Serbiya yığmasının müdafiəçisi Uroş Spayiç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Narahatlıq üçün əsas yoxdur. Amma ciddiyət olmalıdır. Arxayınlaşmaq olmaz. Düzdür, tarixdə nəticə qalır. Amma Bakıdakı ilk matçda öz oyunumuzu göstərə bilməmişdik. Lissabona rahat getmək istəyiriksə, sabah qələbə qazanmalıyıq.
Hər şey öz əlimizdədir. Rəqibə meydanda nəsə etmək imkanı verməmıliyik. Meydana inamlı çıxsaq, ilk yarım saatda üstünlüyü ələ ala bilərik. Gərginliyə düşməmək üçün erkən qol vurmaq lazımdır”.
Rusiyanın “Krasnodar” klubunda çıxış edən oyunçu bütün diqqətlərinin Azərbaycanla qarşılaşmada olduğunu söyləyib: “Sabah qələbə qazansaq, Portuqaliya ilə matça hazırlaşmaq üçün vaxtımız çox olacaq. Hazırda isə bu oyun daha vacibdir”.
Sabah keçiriləcək Serbiya – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.