UEFA Millətlər Liqasında üçüncülük uğrunda görüşdə İtaliyaya məğlub olan Belçika millisinin qapıçısı Tibo Kurtua bu turnirlə bağlı tənqidi fikirlər səsləndirib.

Futbolinfo.az xəbər verir ki, Madrid “Real”ının formasını geyinən 29 yaşlı futbolçu UEFA-nı sərt tənqid edib:

“Hər il yeni bir yarış fikirləşirlər. Avropa Çempionatı, daha bir il sonra Dünya Kuboku, arada da lazımsız Millətlər Liqası. Biz robot deyilik! Matçların sayı durmadan artır, istirahət vaxtı qısalır və heç kim bizimlə maraqlanmır. Zədələrin sayı ona görə artır. Oyunçuların bir il yüksək səviyyədə qalması üçün üç həftəlik tətil kifayət etmir. Üçüncü yer uğrunda oyun sırf pul üçün keçirilən oyundur. Bu barədə dürüst olmalıyıq. UEFA-ya əlavə pul lazımdır, biz isə futbol oynayırıq”.

Xatırladaq ki, Belçikanı yarımfinalda məğlub edən Fransa millisi final oyununda İspaniya yığmasını yenərək yarışın qalibi olub.

Shares: