Çempionatda məğlubiyyətsiz yeganə komanda “Qarabağ” və qələbəsiz tək kollektiv “Sabah” – ilk dövrənin bitiş matçına bu statistika ilə çıxan rəqiblərin hansının favorit olduğunu müəyyənləşdirmək çətin deyildi. Nəticə də gözlənildiyi kimi alındı və ağdamlılar vahid lider kimi yoluna davam etdi.
Lakin oyunu izləyənlər rəqiblər arasında böyük səviyyə fərqi görmədi. Bəlkə də “Qarabağ”ın əksər oyunçuları millidən yoğrun döndüyü üçün “Sabah”la oyunda komanda diqtə edən tərəf deyildi. Ərazi üstünlüyü, topa sahibolma baxımından ağdamlılar üstün olsa da, böyük fərqdən danışa bilmərik. Paytaxt təmsilçisinin bir saatdan artıq müddətdə azlıqda oynamasını nəzərə alsaq, 1:2 hesablı məğlubiyyət başadüşüləndi.
Xulio Rodriges yolverilməz səhvdən sonra meydandan qovulunca “Qarabağ” təzyiqi artırdı, fasiləyə kimi hesabı açdı. İkinci hissə başlayan kimi ikinci qol vuruldu, ağdamlılarda təbii arxayınlıq yarandı. Və məhz bundan sonra “Sabah” nisbətən fəallaşdı, fərqi azaltdı, daha bir neçə qol epizodu yaratdı. Təcrübəsi hesabına qələbə hesabını qoruyan “Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırdı. Bu, “Kayrat”la Konfrans Liqası matçı öncəsi əla statistikadı, davam etməsi daha yaxşı olar.
7 oyuna cəmi 1 xal toplayan “Sabah”da durum bəllidi. Hər matçdan sonra baş məşqçi Ramin Quliyevin istefası gündəmə gəlir, hər dəfə də rəhbərliyin ona dəstək verdiyi aydınlaşır. Dünənki matça görə onu qınamağın mənası yoxdu – həm rəqib çox güclü idi, həm də hücumçusu lüzum olmayan epizodda yersiz hərəkət edib yoldaşlarını çətin vəziyyətdə qoydu. Quliyevin əsl sınağı qışa qədər qalan oyunlarda olacaq. Son pillədən qurtulmaq üçün mümkün qədər xal toplanmasa, dəyişiklik qaçılmazdı.
Dünən baş tutan digər oyunda “Neftçi”nin qələbə seriyası bitdi. Bakılılar 3 oyundan sonra Sumqayıtda xal itirdi və liderdən 3 xal geri düşdü. “Sumqayıt”ın qələbəsiz oyunlar seriyası davam etsə də, komanda 422 dəqiqədən sonra qol vurmağ bacardı. Murad Xaçayevin meydan boyu irəliləyib fərqlənməsinə mane ola bilməyən qonaqların müdafiə planında qüsurları aşkar göründüsə, “kimyaçılar”ın da əks-hücumda necə keyfiyyətli oynadığı aydınlaşdı. Ötən mövsümkü oyunu sərgiləyə bilməyən Ayxan Abbasovun yetirmələrinin Əli Qurbanidən asılılığı nəticələrə təsir göstərir. İranlı forvard həddindən çox zədələnir, dünən də matçı sona çatdıra bilmədi. Əvəzində komanda əsas müdafiəçilərini itirməsinə rəğmən, müdafiə planında yaxşı oynayır.
“Neftçi” buraxdığı qolun şokundan tez ayıldı. Gəl ki, bərabərik qolunu transfer edilən saysız-hesabsız hücumçular yox, ötən mövsümün qəhrəmanlarından olan Sabir Buqrin, həm də fərdi bacarığı hesabına vurdu. Yeni oyunçular hələ ansambla tam uyğunlaşmayıb. Belə büdrəmələr “Qarabağ”la rəqabətdə yolverilməzdi. Bəldə də Samir Abasov dünənki oyundan sonra fərqli mövzulardan danışmaqla xal itkisini unutdurdu, ancaq reallıqda mövsümün taleyi məhz belə matçlarda həll olunur. Meydanda mübarizə, dinamik oyun var idi, rəqiblərin hər ikisi istənilən anda qol vura bilərdi. Lakin yekun nəticə də ədalətli sayılmalıdı.
Son turda hamı qol vurdu və cəmi iki komanda xalsız qaldı. Deməli, rəqiblər arasında ciddi fərq yoxdu, avrokuboklara vəsiqə uğrunda sonadək qızğın mübarizə izləyəcəyik.
AĞA