AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov ötən həftə yenidən gündəmə gəldi. Milli komandanın çıxışı haqda malalayıcı müsahibə verən təcrübəli mütəxəssis tənqidi çıxışıyla seçilən veteran Zaur Ramazanovun fikirlərinə münasibət bildirərkən şirə döndü. Ağsaqqal elə qaza gəldi ki, az qala futbolun bugünkü bərbad durumuna görə jurnalistləri əsas günahkar saydı.

Mircavadovun hansı şəraitdə necə danışdığı çoxdan bəllidi. AFFA tərəfindən yalnız sözünü deyən futbol adamlarının vurulması üçün istifadə edilən bu adamın digər fikirlərinə önəm verməyəcəyik. Lakin bir fikri var ki, cavabsız qalmamalıdı.

“Apasport”dan olan həmkarımızla sual-cavabdan kiçik hissə:

– Onun ünvanınıza digər tənqidi müəyyən məbləğdə maaş qarşılığında susmağınız və məşqçilərə işləmək imkanı verilməməsi ilə bağlı idi. Buna cavabınız nə olar?

– Məşqçilərə biz mane oluruq? Əgər digərlərinə imkan vermiriksə, özümüz niyə işləmirik? Söhbət maliyyədən getmir. Sakit işini görən qurumu tənqid etməyə öyrəşmişik. Çünki onun fikrinin nə olduğunu, hansı işlər gördüyünü bilmirik. Ağzımıza gələni danışmağa nə var ki. Biz məşqçi təyin edən komitə deyilik. Yoxsa elə özümüz işləyərdik də. Bəs Zaura niyə sual vermədiniz ki, sən niyə işləmirsən?

– Həmin sualı vermişik, cavabı da belə olub ki, AFFA, konkret olaraq icraçı vitse-prezident Elxan Məmmədov imkan vermir…

– Bu başqa məsələ. Elxan müəllim nə etməlidir? Hansısa məsələyə münasibət öyrənmək lazım olanda Məşqçilər Komitəsinin üzvlərini axtarırsınız. Amma biriniz də yazmırsınız ki, bu komitədə olanlar niyə məşqçi işləmirlər? Niyə mən 10 ildir işləmirəm? Bunu yazın da. Çünki bunu yazmaq sizə sərf eləmir. Sizə qalmaqal, qırğın lazımdır.

Əziz Mircavadov, sizin 10 ildi işləməməyinizin səbəbini aşağıda yazıb, məsələyə nöqtə qoyacam. Amma bəri başdan qeyd edim ki, “sakit işini görən qurum”un sayəsində bu gün futbolumuz ən biabırçı dönəmini yaşayır. Sizin kimi 1000 manat maaşa susanlar əslində, istiqamətverən məsləhətçilər olmalıydız. Ya buna potensialınız çatmır, ya da müti, qorxaqlarsız, məsuliyyətdən çəkinirsiz. Məşqçi təyin edən komitə deyilsizsə, ümumiyyətlə, sizin quruma nə ehtiyac var, funksiyanız nədir? Milli komandalara məşqçi təyinatlarına qarışa bilmirsiz; məşqçi kurslarına, verilən kateqoriyalara müdaxilə edə bilmirsiz, sizi yaxına buraxmırlar – o zaman siz nəyə lazımsız? Tənqidçilərin qabağına çıxarılan qalxansız, yoxsa biabırçılıqlardan sonra malavuran işləyirsiz?

“Biz məşqçi təyin edən komitə deyilik. Yoxsa elə özümüz işləyərdik də” – bu cümlələr sədriniz Vaqif Sadıqovla birlikdə sizin mahiyyətinizi açır. Bəli, səlahiyyət sizdə olsa, yalnız özünüz işləyərsiz. Sizə səlahiyyət verməyənlər bəlkə də düz edir…

O ki qaldı sizin 10 ildi niyə işləməməyinizə… Siz buna layiqsiz və bundan sonra da işləməməlisiz. Ölkənin ən titullu məşqçisi adını nə vaxt və ən əsası, necə aldığınızı hamı bilir. Ölkədə qaymaq sayılan bir qrup futbolçu var idi, onları “Neftçi”yə, “Şəmkir”ə, “Qarabağ”a, “Xəzər Lənkərad”a daşımaqla medallar qazanmısız. Heç bir uğuru öz beyniniz hesabına əldə etməmisiz, sadəcə, həmişə yaxşı sponsorlarınız olub və onlara ən güclü azərbaycanlı futbolçuları aldırmısız. Həm də təkcə oyunçuları yox…

Belə dahisizsə niyə avrokuboklarda qruplara vəsiqələr məhz siz işləməyəndən sonra, başqaları tərəfindən qazanılıb? Ümumiyyətlə, bu cür bacarıqlı məşqçi nəyə görə qitə yarışlarında həmişə döyülən uşağa çevrilib? Hələ milli komandamızın tarixindəki ən biabırçı məlubiyyətin sizin hesabınıza yazıldığını demirəm.

Siz sonuncu dəfə 2007-ci ildə “Xəzər Lənkəran”la çempion olmusuz. Bu, həmin vaxt idi ki, Dövlət Proqramı təzə qəbul olunmuşdu. Və Emin Quliyevdən Mahmud Qurbanova kimi üzdə olan futbolçular son akkordlarını vururdu. Ardınca güclü klubların sayı çoxaldı, hamı səviyyəli legionerlər gətirməyə başladı, sizin çempionluq reseptinizin dəyəri qalmadı. Və 2011-də istefaya göndərildiniz, ovaxtdan işsizsiz.

Bacarığınız, məşqçi səviyyəniz öz yerində, amma insanlara bəzən sözünə, xarakterinə görə də qiymət verirlər. Siz 2006-cı ildə “Neftçi”dən necə getdiyinizi xatırlayın. Günorta saatlarında klub prezidentinə yeni müqavilə bağlayacağınızı vəd edirsiz, “Mübariz Mənsimov kimdi ki, onunla işləyim” deyirsiz, gecə ilə Lənkərana yollanıb “Xəzər”lə anlaşma imzalayırsız. Həmişəki kimi daha varlı sponsorun yanına qaçmağınız xasiyyətinizdi, amma “Neftçi”nin qızıl heyətini dağıtmağınız, özünüzlə aparmağınız ağsaqqala, özünə hörmət edən insana uyğun hərəkət idimi? Yalnız Zaur Tağızadə və Rəşad Sadıqov sizinlə getmədi, qalan üzdə olan milli oyunçuların hamısını özünüzlə apardız və çempion olduz. Amma hərəkətiniz bağışlanmadı, sizi hamı tanıdı, üstəlik, “Neftçi”nin həmin rəhbərliyinə yaşatdıqlarınız gələcəkdə AFFA rəhbərliyi tərəfindən bağışlanmadı. Və bu gün sizi 1000 manat maaşa təhkim edib, tənqidçilərin önünə atırlarsa, özünüzə biçdiyiniz don budur.

Əziz Ağasəlim müəllim, bu gün sizə hansı komandada iş versinlər? İddialılar avrokubokda “sinifdə qalan” birinə post etibar etməzlər, büdcəsi az olanlarda isə siz işləməzsiz, daha doğrusu, işləməyi bacarmazsız. Mənsimovdan, Şahbaz Süleymanovdan qamarladıqlarınızla qocalığınızı yaşayın.

FƏRİD

Shares: