AFFA – AGİN münasibətləri qəribə məcraya yönəlir. Yeni nazir Fərid Qayıbovun gəlişindən sonra başlayan proses yeni xəbərlərlə əlamətdardı.

Nazirliyin futbola daha çox diqqət ayırması, bərbad idarəçiliklə seçilən qurumun işini bir növ təftiş etməyə çalışması AFFA-nın “cavab atəşi” ilə nəticələnib. Assosiasiya AGİN-in nəzdində fəaliyyət göstərən futbol komandalarına maliyyə dəstəyini dayandırıb. UĞİM-lərə ayrılan həftəlik ödənişlər ləgv edilib, müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər keçirilən oyunlarda iştiraka görə aldığı 40-60 manat civarında vəsaitdən məhrum edilib.

AFFA-dan UĞİM təmsilçilərinə bildirilib ki, bu qərar yeni qəbul olunub və ən azı cari mövsümün sonunadək qüvvədə qalacaq. Onlar çempionatda iştirak edib-etməməkdə sərbəstdir və bundan sonra həmin məbləği nazirlikdən istəməlidirlər. Bu açıqlamadan sonra GİN-in komandaları bir-birinin ardınca AFFA-nın bayrağı altında keçirilən yarışlardan çəkilib. Federasiyanın saytına baxsaq, yaranmış acınacaqlı mənzərəni görə bilərik (sportinfo.az). Mövsüm yeni başlayıb, amma hər yaş qrupu üzrə çempionatda kifayət qədər texniki məğlubiyyət qeydə alınıb.

AGİN isə AFFA-ya cavabı ictimai nəzarət qrupunu toplamaqla verib. Dünən futbol ictimaiyyətinin nümayəndələri nazirlikdə bir araya gəlib, problemləri müzakirə ediblər. Maraqlıdı ki, nazir Fərid Qayıbovun tapşırığı ilə yığışan 10-a yaxın şəxsdən futboldakı problemlərdən çıxış yolları barədə təkliflər səsləndirmək istənilib. Amma tədbir həvəskarcasına təşkil edilib, tanınan futbol adamlarından demək olar, heç kim dəvət almayıb. Futboldakı problemləri taekvondoçu (!!!) Niyaməddin Paşayevin müzakirə etdiyini nəzərə alsaq, mənzərə aydınlaşar.

Dünən axşamüstü isə Fərid Qayıbov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu qəbul edib. Tərəflərin nəyi müzakirə bəlli etdiyi bilinmir, lakin yəqin ki, nazir artıq ona qarşı əzələ nümayişinin fəqindədi. Atacağı növbəti addımlar onun cəsarətinin ölçüsünü göstərəcək.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp