Dünən dostlarımızdan biri sosial şəbəkədə maraqlı paylaşım etmişdi: “Son 10 ildə Azərbaycan futbolundan “Qarabağ””ı çıxarsaq, yerində yalnız Elxan Məmmədov qalar”.

 

Düşündürücü statusdu, həm də həqiqətdi. Bu gün Azərbaycan futbolunun iki üzü var – xeyir və şər misalı kimi. Biri durmadan xidmət edir, ölkə futbolunun imicini yaxşılaşdırır, şanlı bayrağımızı ən mötəbər turnirlərdə qürurla dalğalandırır, nəticələr qazanır, yeni istedadlar yetişdirir, digəri durmadan dağıdır, məhv edir, ən böyük uğursuzluqlara imza atır.

 

Və xeyirlə şərin mübarizəsində əməllər savaşır, yaxşılar pisləri ifşa edir. Onların birgə ola bilməyəcəyi çoxdan bəllidi – bir dəfə buna cəhd edildi, yekunda “şər” öz əməllərindən qalmadı, fitnələrlə “xeyir”in ayağının altını qazdı. Haqq nazildi, üzülmədi, bu gün yenə insanlara nəyin daha faydalı olduğunu isbatlayır.

 

“Qarabağ”ın Konfrans Liqasındakı son qələbəsi sıradan bir uğur deyil. Qrup mərhələsində qazanılan 7-ci xal böyük hədəfə doğru gedilərkən atılan növbəti addımdı. Artıq təmsilçimiz qrupdan çıxmaq kimi çətin vəzifənin həlli üçün çalışır. “Kayrat” Avropa nəhəngi deyil, lakin Azərbaycan çempionatındakı komandalarla müqayisədə bir üst səviyyədi. Və ölkə daxilində, məhv edilmiş çempionatda zəif rəqiblərlə matçlarda formadan düşən “Qarabağ” iki fərqli ab-havaya köklənməkdə daha çox əziyyət çəkir.

 

Qazaxıstan təmsilçisi antifutbolun bariz nümunəsini tətbiq etməklə “Qarabağ”ı dayandırmaq niyyətində idi. Qurbanların duelində Berdıyevin Qurbanovun armadasına qarşı başqa yolu yox idi, yalnız bu yolla qrup mərhələsi yarılanarkən növbəti mərhələ ümidlərini saxlamaq olardı.

 

Matç çox pis başladı. Müdafiədə bir anlıq diqqətsizlik qapımıza penaltiylə, ardınca qolla nəticələndi. İndi ağdamlılar 15 oyunluq məlubiyyətsiz seriyanı davam etdirmək, qrupda evdə 5 ildi qələbə qazana bilməmək sindromunu qırmaq üçün ikiqat əzmlə çalışmalıydı. “Kayrat” isə “oynamayıb oynatmamaq” taktikası seçmişdi – belə komandalarla mübarizə ikiqat çətin olur.

 

Qurbanov daha təcrübəli adaşını təslim etmək üçün səbr etdi, oyun intizamını pozmadı, dəst-xəttindən əl çəkmədi. Və 79 dəqiqə inamla müdafiə olunan qonaqlar topa sahib olmada həmin gün Konfrans Liqasının lideri seçilən “Qarabağ” qarşısında diz çökdü. Baş məşqçinin növbəti uğurlu əvəzetməsiylə meydana daxil olan Ramil Şeydayevin baş zərbəsi dəqiq oldu – 1:1.

 

Bəlkə də məğlubiyyətdən qaçmış komanda üçün bir xal qənimət sayıla bilərdi, lakin Qurban bəyin ümumi nəticəyə töhfə verəcək daha iki əvəzləməsi sıralandı. Oyuna əla qoşulan Riçard Almeyda ilə Marko Veşoviçin sayəsində irəlidə təzyiq artdı. Braziliyalı yarımmüdafiəni daha rəngarəng oynatdısa, Marko sağ cinahı canlandırdı və onun koridor açdığı Abbas Hüseynov qələbə qolunu vurdu.

 

Qələbəyə hərə bir cür sevinirdi. Qapıçı Şahruddin Məhəmmədəliyevin qaçaraq ilk olaraq rəqibi Emin Balayevlə qucaqlaşması komandadakı birliyi izah etməyə ən bariz nümunəydi. Bu qələbə birliyin, inamın, əzmkarlığın, doğru seçimlərin təntənəsidi. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bacarmadığı birlikdən danışırıq. Xain xoflu olar, öz bacarığına əmin olmadığından birləşməyi deyil, ayaq altı qazmağı beyninə yeritməklə “Qarabağ”dakı birlik ab-havasının fərqi bundadı.

 

Heç nə təsadüf deyil. Dünən 2 önəmli hadisə reallaşdı: Məmmədovun cavabdeh olduğu milli komanda dünya reytinqində daha 2 pillə gerilədi, Qurbanovun yaratdığı “Qarabağ” klub reytinqində Azərbaycanı daha 2 pillə irəli apardı. Xeyirlə şərin mübarizəsində hələ də tərəfini uğursuzların yanında seçənlər utansın.

 

VÜSAL MAHMUDOV

62559856171bc8a94817 - Futbolinfo.az
13403036171bc5a7e318 - Futbolinfo.az
154803 7g67doudyr - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp