“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq. Matça üstünlüklə başladıq. Daha üstün, dominant futbol oynamağa çalışdıq. Əlimizə düşən fürsətlərdən istifadə elədik, vacib qollar vurduq. Rəqib də bəzi anlarda təhlükəli hücumlar qururdu. “Keşlə” fasilədən sonra sistem dəyişikliyi etdi, ikinci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik. İlk 10-15 dəqiqə də “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq.
İstənilən oyunda gücü düzgün bölüşdürmək çox önəmlidir. Ərazi üstünlüyü bizdə idi. 90 dəqiqəni eyni tempdə çatdıra bilməzsən. Mən komandanın oyun zamanı tempi yavaş-yavaş artırmasının və ərazi üstünlüyünə yiyələnməsinin tərəfdarıyam. “Neftçi” ilə oyunda hesab 1:1 idi, 1 xal bəlkə də bizim üçün pis deyildi. Ancaq əksinə, sürəti artırmağa çalışdıq. Bu gün də hesaba baxmayaraq, eyni şəkildə oynadıq. “Keşlə”nin nə qədər təhlükəli komanda, güclü futbolçulara malik olduğunu bilirik. Son 4 turda yaxşı çıxış etmişdilər. Ötən turdakı məğlubiyyətə baxmayaraq, qol imkanları var idi. Bu komandaya qarşı geri çəkilib hesabı qorumaq çox təhlükəli olardı. Üstünlüyü inkişaf etdirmək mütləq idi. Düzdür, alınmadı. Amma ən azı düzgün futbol oynadıq, rəqibə ikinci hissənin ortalarından üstün futbol oynamağa, fərqi azaltmağa imkan vermədik”.
Gənc mütəxəssis növbəti turda üz-üzə gələcəkləri “Sabah”da Murad Musayevin baş məşqçi postuna təyin olunmasını rəqib üçün üstünlük hesab edib: “Məşqçi dəyişikliyi hər zaman komandaya əlavə effekt verir. Murad Musayevi yaxşı tanıyıram, təcrübəli məşqçidir. “Krasnodar”da U-19-lar Çempionlar Liqasında çıxış edəndə belə, bu komandanın çıxışını izləyirdim. O, əsas komandada çalışanda da izləyirdim. Düşünürəm ki, çempionatımıza rəng qatacaq. “Sabah” da yaxşı heyətə malikdir. Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq. Yəqin sabahkı oyuna da baxacağıq ki, baş məşqçi dəyişikliyindən sonra nə qədər dəyişiklik olduğunu görək. Və biz onlara qarşı nələr edə biləcəyik. Bunlar ehtimallardır. Amma heyəti də, məşqçinin oyun planını da oyun saatında dəqiq görəcəyik. Çünki “Sabah”a yeni gəlib. Nələr edəcəyini əvvəlcədən bilmək çox çətindir”.