Premyer Liqada ciddi qütbləşmə gedir. Turnir cədvəli iki “dördlüy”ə bölünməkdədi və hər keçən tur fərq artır. Düzdü, hələ 9-cu tur tamamlanmayıb, liderlər qrupuna yaxınlaşan olacaq, amma istənilən halda, “Qəbələ” və “Zirə” əsas rəqiblərindən uzaqlaşmaqda israrlıdı.

Marafon uzundu, bu gün işləri yaxşı gedən komandaların ardıcıl bir neçə uğursuz oyundan sonra geriləməsi mümkündü. Bununla belə, izlədiyimiz oyunlar komandalar arasındakı səviyyə fərqini göstərir və indiki lider “dördlüy”ün avrokuboklara vəsiqəyə bir addım daha yaxın olduğunu indidən də deyə bilərik.

“Zirə” ənənəsinə sadiq qaldı. Bütün matçlarında qol vurmağı bacaran qəsəbə təmsilçisi özünün son dönəmlərdəki ən yaxşı futbolunu sərgiləyib qələbə qazandı. Adəti üzrə matça əla başlayan Rəşad Sadıqovun yetirmələri yenə erkən qolla seçildi, daha sonra üstünlüyünü möhkəmləndirdi və hesabı qorumağı bacardı. “Keşlə”yə faktiki oynamaq imkanı verməyən “qartallar” bir az dəqiq olsaydı, hesab daha böyük olardı.

Əslində, heyət baxımından “Keşlə” rəqibindən zəif deyil. Amma taktiki gedişlər, oyun üslubu, düzgün köklənmə sayəsində Rəşad Sadıqov həmkarına dərs keçdi. 3 oyunluq ümidlənmədən sonra Sənan Qurbanovun böyük vəzifələrin öhdəsindən gələcək məşqçi olmadığı növbəti dəfə dəqiqləşdi və onun postunda qaldıığ hər gün “Keşlə”nin geriləməsini sürətləndirir. Komanda ötən mövsüm olduğu kimi, yenə autsayderlər qrupunun “fəxri üzv”üdü, ən azı qışa kimi belə davam edəcəklər.

Günün növbəti oyunu turun mərkəzi qarşılaşması sayılırdı. Amma 25-ci dəqiqəyə kimi “Neftçi”nin derbi tərəzisinin bir gözünü yüngül saxladığı aydınlaşdı. Startdakı 10 dəqiqəlik fəallıq “Qarabağ”ın ilk qoluyla bitdi. Ağdamlılar 13 dəqiqəyə 3 qol vuraraq matçı erkən başa vurdular. Qalan dəqiqələrdə də meydan sahibləri daha üstün oynadılar, lakin “Kayrat”la avrokubok matçı üzündən güclərinə qənaət etməyə çalışdılar. Xüsusilə fasilədən sonra sürətin azalması bununla bağlıydı. Sərt oyuna üstünlük verən bakılılar da rəqibin gözünü qorxutdu və “Qarabağ”ın oyunçuları zədədən qaçmaq üçün ehtiyatlı davranmağa başladı.

Bununla belə, son dəqiqələrdə “Qarabağ” hesabı biabırçı səviyyəyə çatdırdı.  Bu mövsüm əsas rəqibinə artıq 2 dəfə uduzan “Neftçi” çempion titulunu qorumağın çətin olacağını yəqin özü də anlayıb. Dünənki matç göstərdi ki, ölkədə “Qarabağ”a rəqib yoxdu və ağdamlılar özü istəməsə, ilk pilləni kimsə onların əlindən ala bilməz. “Səbail”ə ötən turdakı şok məğlubiyyət ağdamlılara dərs olmuşdu və hirslərini əzəli rəqibin üzərinə tökdülər.

Düzdü, matçın əvvəlində üstün görünən “Neftçi” ələ düşən şansı boşa verməyib hesabı açsaydı, oyunun sonrakı gedişatı fərql ola bilərdi. Lakin bu, “Qarabağ”ın daha güclü olması gerçəyini dəyişmir. Bakılılar heyətin komplektləşdirilməsində ciddi nöqsanar buraxıblar və indi bunun əziyyətini çəkirlər. Samir Abasovun matçdan sonra özündən başqa hamını günahlandırması, fərqli bəhanələr gətirməsi isə həm də öz eyiblərinin ifşası idi. Onun dedikləri “Qarabağ”ın yox, məhz “Neftçi”nin günahlarıdı.

Bu gün “Sumqayıt”la “Səbail”in görüşü turnir cədvəli baxımından daha maraqla gözlənilir. Heyətində ciddi itkilər olan “Qəbələ”nin nə qədər sabit olduğu da “Sabah”la matçda dəqiqləşəcək. Matçın nəticəsini daha çox yeni baş məşqçisinə qovuşan qonaqların motivasiyası həll edəcək. Qonaqlar ötən turdakı qələbənin təsadüf olmadığını sübut edə bilməsə, “qırmızı-qaralar” yüksək pillələrdə qalmaq üçün önəmli addım atacaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp