“Qəbələ” Premyer Liqanın 9-cu turuna ciddi itkilərlə çıxır. Əyalət klubu “Sabah”la matçda məcburiyyətdən bir neçə gəncə güvənməli olacaq. Xüsusilə müdafiə xəttində normal oyun praktikası olan futbolçuların sayı düzəlmir.

“Qırmızı-qaralar” Ehtiram Şahverdiyevlə Məqsəd İsayevin cəzalı olması üzündən bu duruma düşüb. Əməliyyat olunan Rüfət Əhmədovun ilin sonunadək sıradan çıxmasının ardından xoşagəlməz mənzərə yaranıb. İştirak ərizəsində cəmi 4 müdafiəçisi olan, yarımmüdafiəçilərdən bu mövqelərdə yararlanan Elmar Baxşıyevin yetirmələrinin 3-cü pillədə olması özü bir möcüzədi.

Xeyli öncə zədələnən, futbolçunun viza problemləri üzündən indiyədək əməliyyat olunmayan Yaovi Akakpo üçün mövsüm bitib. Bu azmış kimi Stefan Vukçeviç “Keşlə” ilə ötən turdakı matçda meydandan qovuldu. Dünənsə Fernan Lopes sıradan çıxıb. Ağrıları olan ispan yarımmüdafiəçi bu gün yalnız iynə hesabına meydana çıxa bilər. Əsas heyətin 6 üzvünün olmayacağı matçda “Qəbələ”nin işi xeyli çətindi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp