“Neftçi”nin bir neçə matçının videocimalına baxmışam. Fikrimcə, onlar yaxşı komandaya sahibdirlər”.
Bu sözləri futbolinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis sabiq komandasının cari mövsüm çempionatdakı çıxışını dəyərləndirib: “Son oyunlarda komanda xal itirdi. Bunlar futbolda olan şeylərdir. Düşünürəm ki, bu xalları sığortalamaq mümkündür. Onların yeni xallar qazanmaq üçün şansları və qarşıda bir çox oyunları var. Növbəti matçlarda daha yaxşı çıxış edəcəklərini düşünürəm”.
Bordin “Neftçi”nin son mövsümdə çempion olduğunu və yenidən belə bir uğuru təkrarlaya biləcəyini qeyd edib: “Neftçi” ötən mövsümü həqiqətən yaxşı keçirdi. Amma bu il onların bəzi problemləri var. Mən bu problemləri sadalamaq fikrində deyiləm. Ümid edirəm ki, yenidən çempion olacaqlar. Buna sevinərəm”.
56 yaşlı çalışdırıcı Azərbaycan çempionatının səviyyəsindən də söz açıb: “Azərbaycan çempionatı yaxşı liqadır. Çünki orada hər matç çətindir və komandalar fərqli oyun tərzləri ilə seçilir. Yüksək keyfiyyətə malik futbolçuların olması da çempionata rəng qatır”.
Hazırda Moldova millisini çalışdıran mütəxəssis, Samir Abasovun “Neftçi”də yerli futbolçuların səviyyəsi aşağıdır” deməsinə də münasibət bildirib: “Fikrimcə, “Neftçi”nin yerli futbolçularının səviyyəsi yüksəkdir. Komandanın son mövsümdəki çempionluğunda yerli oyunçularıbn böyük rolu var. Məncə, hər kəs çempionluğa görə yerli futbolçulara təşəkkür etməlidir”.
Moldova millisi ilə müqaviləsi bitən çalışdırıcı yeni müqavilə ilə bağlı gözləmə mövqeyində olduğunu bildiri: “Millidə işləmək mənim üçün yaxşı təcrübədir. Noyabrda müqaviləmin müddəti başa çatdı. Hazırda yeni vəziyyətlə bağlı gözləmə mövqeyindəyəm”.
FƏRİD