“Qəbələ” növbəti tur qarşılaşacağı “Zirə”ni “Qarabağ”dan önə keçirdi. Dünən Premyer Liqanın 12-ci turunun son matçında hesab açılmayınca ağdamlıların seriyası qırıldı, qəsəbə təmsilçisi bütün qarşılaşmalarda qol vuran yeganə kollektivə çevrildi. Bu həftə bölgə təmsilçisi “Zirə”nin də seriyasını qırmağa çalışacaq.
Dekabrın 5-də “Qəbələ”nin “Zirə”ylə “şəxsi haqq-hesabı” da olacaq. 2-ci pilləyə şərik olan bu komandalar qış fasiləsinə daha yaxşı durumda yollanmaq üçün əyani dueldə üz-üzə gələcək. Hələliksə “qırmızı-qaralar” “Qarabağ”ı büdrətməyi bacardı, 14-cü turda “Zirə” də bunu edə bilsə, zirvədə mübarizə qızışacaq.
Turun bağlanış matçı mərkəzi oyuna layiq ssenariylə keçdi. Hər iki komanda nahaq yerə zirvədə olmadıqlarını sərgilədiyi futbolla isbatladı. Baxımlı oyun, əla mübarizə, qol epizodları, mübahisəli anlar – gözəl hava şəraitinin müşaiyət etdiyi matçda hər şey var idi. Bəlkə də qollar oyunu bir az da gözəlləşdirərdi, lakin çoxsaylı cəhdlər fayda vermədi.
“Qarabağ” oyuna ciddi yanaşmışdı. Avrokubok matçından sonra Qurban Qurbanovun aparıcı oyunçulara istirahət verəcəyi gözlənilsə də, baş məşqçi əsas heyətin əksər üzvlərini meydana buraxmaqla həm rəqibə hörmətini, həm də çempionata barmaqarası yanaşmadığını göstərdi. Ağdamlılar qışa kimi maksimum xal toplamaq, izləyicilərindən uzaqlaşmaq istəyir. Lakin dinamik futbol oynayan “Qəbələ” onsuz da yorğun olan qonaqları yaxşıca tərlətdi.
“Qəbələ” heyət sıxıntısına rəğmən, rəqibə layiqli müqavimət göstərdi. Hətta oyunun müəyyən bölümündə meydan sahibləri daha üstün təsir bağışladı. Bununla belə, oyunun ədalətli nəticəsi bərabərlik idi və yekun belə alındı. Komandalar hərəsi bir xal qazandı, amma əsas rəqiblərlə mübarizədə həm də iki xal itirdilər.
Qış fasiləsi ərəfəsində turnir cədvəlində maraqlı vəziyyət yaranıb. İlk “dördük” digərlərindən əhəmiyyətli dərəcədə uzaqlaşıb. Düzdü, üçxallıq sistemdə ardıcıl 2 matçda uğursuzluq hər şeyi dəyişə bilir. Amma dünənki matç da göstərdi ki, zirvədəkilər hər xal üçün döyüşür, ardıcıl xal itkiləri olmayacaq, belə ssenariyə hazırdılar. “Zirə”nin son iki turda “Qəbələ” və “Qarabağ”la oyunları çox maraqlı olacaq, bu qarşılaşmalar liderlər qrupunun formalaşmasına birbaşa təsir edəcək. Ən ağır təqvim isə “Qəbələ”nindi. Belə ki, dünən “Qarabağ”a uduzmayan Elmar Baxşıyevin yetirmələri Zirə səfərindən sonra “dördlük”dəki digər komandanı – “Neftçi”ni qəbul edəcək.
Göründüyü kimi, liderlər qrupunda gərgin matçlar sıralanır. “Sabah”ın bu fürsətdən yararlanması mümkündü. Uğurlu çıxış sayəsində 5-ci pilləyə qalxan paytaxt komandası xal itkisi qaçılmaz olan liderlərin büdrəməsindən yararlanaraq, fərqi azalda bilər. Belədə mövsümün ikinci yarısına daha yüksək əhval-ruhiyyədə hazırlaşmaq olar. Amma iş ondadı ki, Murad Musayevin yetirmələrini növbəti turda “Qarabağ”a qarşı oyun gözləyir. Suraxanıda məğlubiyyət ümidlərə zərbə vuracaq, əksi reallaşsa, komanda mövsümün qalan hissəsi üçün daha da motivasiyalı olacaq.
FƏRİD