Dünən baş tutan “Qəbələ” – “Qarabağ” oyununun nəticəsi hakim səhvlərinin kölgəsində qaldı. Oyunun ədalət təmsilçiləri o qədər çox səhv etdi ki, turun mərkəzi qarşılaşmasının baxımlılığı yaddan çıxdı, oyunun analizlərinin, şərhinin yerini mübahisəli epizodlar aldı.
Sanki AFFA-da kimlərsə hakimlərin səhv etməsini, hakimliyin müzakirə mövzusu olmasını arzulayır. Bəlkə də bununla VAR sisteminin tətbiqinin vacibliyini isbatlamağa çalışırlar. Eyni zamanda ola bilsin, gündəmi dəyişmək, futbolun əsas problemlərinin müzakirəsini yaddan çıxarmaq üçün belə edirlər.
Belə düşünməyimizin səbəbi var: Premyer Liqanın cari mövsümündə debüt etməyən bir hakimi 12-ci turda (!) mərkəzi oyuna, liderlərin qarşılaşmasına (!) göndərirlərsə, şübhələrə əsas verirlər. Bununla həm qalmaqal yaranır, başqa problemlər yaddan çıxır, həm də illərdi azarkeşlərdə yalnız hörmət hissləri qazanmış iki klub haqda şübhələr baş qaldırır. Və bunu AFFA perspektivli gənc hakim Kamranbəy Rəhimovu “yandırmaq” bahasına edir.
AFFA rəsmən bəyan etməsə də, bu təyinatı bir çox hakimlərin VAR seminarlarına yollanmasıyla izah etməyə çalışır, mətbuata belə informasiya sızdırır. Amma gözlərinin içinə kimi yalan deyirlər. Əvvəla, tədbiri turla eyni vaxta salanlar, çempionatın oyunlarını nəzərə almayanlar utansın. İkincisi, istənilən halda, turun oyunlarına hakimlər ayrılmışdı, sadəcə, FIFA referisi Rauf Cabbarovu Sumqayıta yox, Qəbələyə göndərmək lazım idi.
Kamranbəy oyunda çox səhv etdi. Bəlkə də nəticəyə təsiri olmadı, amma aşkar kobudluqlara göz yummaqla həm futbolçuların, həm məşqçilərin əsəbiylə oynadı. Onun oxşar epizodları fərqli yozması, vərəqə seçimlərindəki yanlışları kifayət qədər çox idi. Rəhimovun kiməsə kömək etdiyini deyə bilməyəcəyik – halbuki “Qəbələ”yə qarşı yanlışlar daha çox oldu -, amma matçın ümumi axarında ön plana çox çıxdı. Hakim gözə girirsə, deməli, idarəçiliyi yerində deyil.
Bu matça görə gənc referini yox, ona təyinat verənləri, Hakimlər Komitəsinin sədri Frits Stuxliki qınamalıyıq. Onlar oda atdıqları, karyerasıyla oynadıqları hakimə görə cavab verməlidilər.
60-cı dəqiqədə Patrik Andrade cərimə meydançası önündə rəqibi “şaqqaladı”, amma nə cərimə zərbəsi təyin edildi, nə də futbolçu sarı vərəqə gördü. Daha bir neçə epizodda hakimlər ən adi qayda pozuntusunu fərqli yorumladı.
Təbii ki, matçın kuliminasiya nöqtəsi 69-cu dəqiqə idi. Kevin Medina Ülvi İsgəndərova elə bir sillə vurdu ki, bəlkə hələ də qulağı qırmızı qalıb. Amma hakimin fiti susdu, “Qarabağ”ın müdafiəçisi cəzalanmadı.
Bu epizod dünəndən fərqli yorumlanır. Belə ki, əksəriyyət Medinanı “qırmızı”ya layiq bilməkdə haqlıdı. Lakin həmin epizoda görə “Qarabağ”ın qapısına – iddia edildiyi kimi – penalti təyin edilməməliydi (edilmədi də – red.). Təqdim etdiyimiz videoda həmin ana diqqətlə baxsaz, öncə Ülvinin Kevini arxadan itələdiyini görərsiz. Həm də bu, ikili mübarizə deyildi, İsgəndərov çata bilmədiyi topu götürən qapıçıyla arasında qalan Medinanı aşkar şəkildə, kobudluqla əli ilə itələyir.
Hakim həmin an “Qarabağ”ın lehinə (!) qayda pozuntusu qeydə almalı, epizodun davamında rəqibi vuran Medinanı isə meydandan qovmalıydı (!). Qalan 10-15 dəqiqə ərzində “Qəbələ”nin say üstünlüyündən yararlanıb-yararlanmayacağını zaman göstərəcəkdi. Əsas olan Rəhimovun eyni epizodda iki qərarın heç birini verməməsi oldu.
Yeri gəlmişkən, bu, Kevinin ilk belə xətası deyil. O, əvvəllər də “Qarabağ”ı eyni üsulla çətin vəziyyətə salıb. Kolumbiyalı səviyyəli oyunçudu, avrokubokda qüsursuz matçlar keçirir, lakin Premyer Liqada sanki arxayınlaşır və belə hərəkətlər edir. Son belə səhvindən sonra cərimələnmiş, ağıllanmışdı, deyəsən, yenə qulaqburması almaq istəyir.
Təəssüf ki, hakimlərin bacarıqsızlığı, düzgün qərar verməməsi söz-söhbət yaratdı və gözəl oyunun arxa plana keçməsinə səbəb oldu. Deyəsən, AFFA-ya da elə bu lazım idi.
VÜSAL MAHMUDOV