Canni de Byazi artıq Azərbaycan millisinin baş məşqçisi deyil. 2020-ci il iyulun 30-dan yığmamızda rəsmən fəaliyyətə başlayan italiyalının müqavilə müddəti dünən başa çatdı. İndi onunla bağlı qərar verilməlidi. Bu məqsədlə sabah AFFA İcraiyyə Komitəsi bir araya gələcək.

Komitənin iclasının gündəliyində ilk məsələ de Byazinin hesabatının dinlənilməsidi. Ardınca milli komandayla bağlı strateji xətt müəyyənləşəcək, yığmanın yerli mütəxəsiisə, yoxsa əcnəbiyə tapşırılacağı dəqiqləşəcək. Məhz bu aydınlaşdıqdan sonra tələb olunan kriteriyalara uyğun namizədlər axtarılacaq.

Türkiyəli məşqçilərin dəvət olunmasından yerli gənc məşqçilərə güvənilməsinədək bir çox variant aylardı müzakirə olunur. Mətbuata müxtəlif informasiyalar sızdırılır, müzakirə başlanır, ictimai rəy öyrənilir. AFFA reaksiyalardan məmnun deyil, bütün müzakirələrdə hamının məhz qurumun özündən narazı olduğu, məşqçinin kimliyinin heç nəyi dəyişməyəcini düşünməsi hiss olunur. Belədə assosiasiya fərqli qərar verməyə hazırlaşır.

Yerli məşqçi təyinatı ciddi fikir ayrılıqlarına səbəb olacaq. Hamının bu posta layiq bildiyi Qurban Qurbanov, Rəşad Sadıqov kimi namizədlər AFFA-nın ürəyincə deyil, quruma sözəbaxan, öz fikri olmayan, tapşırıqlara boyun əyən məşqçi lazımdı. Belə namizədlər də var, lakin AFFA onların təyinatıyla risk etmək istəmir – bəzilərinin təmiz olmayan keçmişi var, bəziləri millidə çalışmağa layiq deyillər, özlərini doğrultmayıblar.

Lakin əcnəbi məşqçi axtarışı da mümkünsüzə çevrilib. Səviyyəli məşqçilər üçün böyük maliyyə tələb olunur, Azərbaycan futbolundakı potensialla belə riskə girmək ağılsızlıqdı. Bert Foqtsdan bu yana gətirilən bütün əcnəbilər fiasko yaşayıb, maliyyə havaya sovrulub. Ona görə yenidən ölkə xaricinə üz tutmaq AFFA rəhbərliyinin özünü hədəfə gətirəcək, nəticələr düzəlməsə, indi yaxa qurtardıqları istefa dalğası növbəti dəfə onları vuracaq. Bunları nəzərə alan qurum ən ziyansız yolu seçməyə məhkumdu.

Təbii i, indiki halda yerli məşqçiyə güvənmək ən ağılabatan yoldu. Amma azödənişli yerli mütəxəssislə böyük maliyyə oyunları oynaya bilməyəcəklərindən AFFA bu varianta getmək istəmir. Həm də daha layiqlilər qalarkən sıradan birinə etibar edilməsi narazılıqları alovlandıracaq. Bu səbəbdən AFFA rəhbərliyi de Byazi ilə yeni müqavilənin planlarını cızır.

İtaliyalı hələ də Bakıdadı. Əldə etdiyimiz məlumata görə, ona yeni anlaşmayla bağlı vəd verilib. Canni çempionat matçlarına gedir, işini davam etdirəcəyinin siqnallarını verir. O da millidəki bu nəticələrdən sonra ciddi təklif almayacağının fərqindədi və əvvəlkiylə müqayisədə daha az maliyyə şərtləri ilə qalmağa razıdı. İtaliyalı yeni birillik müqavilə üçün yarım milyon avro maaşa “yox” demir. Onun qalmasına yeganə əngəl AFFA prezidenti Rövnəq Abdullayevdi – bu şəxs italiyalının gəlməsinə əvvəldən razı olmayıb. Kazbek Tuayev başda olmaqla, bir neçə İK üzvü də yerli məşqçi təyinatının tərəfdarıdı, mətbuat vasitəsilə fikirlərini bəyan ediblər. Hazırda icraçı vitse-prezident Elxan Məmmədov və dəstəsi Abdullayevi razı salmağa, bunun ən uyğun seçim olduğunu əsaslandırmağa çalışır.

Sabaha kimi çox şey dəyişə bilər. Xüsusi bir səbəb olmasa, de Byazinin millidə yeni müqavilə bağlaması gözlənilir. Amma şəxsən bizə bunun necə əsaslandırılacağı maraqlıdı. Millətlər Liqasındaı fiaskodan sonra daha bir şans alan, DÇ-2022-nin seçmə mərhələsində cəmi 1 xal toplayan de Byazinin qalmasını necə izah edəcəklərini səbirsizliklə gözləyirik. İtaliyalının işi ümid versəydi, razılaşmaq olardı, lakin ilyarım göstərdi ki, bu məşqçi nə nəticə verməyi bacarır, nə də gələcəyə hesablanmış iş qura bilir. Tapşırıqla işləməyə adət edən italiyalının futbolçularla da problemi var. Onun geridəqalmış taktiki düşüncələri müasir futbolun tələbləri ilə uzlaşmır və qalması yalnız zərər verəcək.

Maraq üçün yerinə düşən bir xatırlatma edək. Dünən Roberto Bordin Moldova millisinin baş məşqçisi postuyla vidalaşdı. Onunla müqavilə yenilənmədi və “Neftçi”nin sabiq sükançısı vətəninə döndü. Vaxt vermək lazım olsaydı, moldovalılar Bordini yola salmazdı. De Byaziylə müqayisədə həmyerlisi yığmaya daha gec, bu ilin fevralında təyin olunmuşdu. Ancaq Moldova futbolunun idarəçiləri bu adamla yeni anlaşmanın yersiz zaman itkisi olduğunu vaxtında anladı və yerli məşqçi təyinatı haqda düşünürlər. Bizimkilər də bir anlasa…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp