“Keşlə” uduzduqca, turnir cədvəlində gerilədikcə yeni transfer edir. Sanki AFFA-dan maliyyələşən bu klubun uğursuzluğu onun büdcəsinin böyüməsinə şərait yaradır. Talayırlar, bitmir ki, bitmir.
Paytaxt klubunun bərbad idarəçiliyi çoxdan bəllidi. Rəhbərlik üçün “transfer pəncərəsi” anlayışı yoxdu, nə vaxt istəsələr, o zaman futbolçu gətirir, kefləri istədikdə də qovurlar. Qeyri-peşəkarlığın pik həddidi. Rəhbərliyin, məşqçilərin konkret planı yoxdu, heyəti günün tələbinə görə müəyyənləşdirirlər, mövsüm hazırlığı onlara yaddı.
Mövsüm başlayanda “Keşlə”dən hər ay üçün yeni transfer gözlədiyimizi yazmışdıq. Ehtimallarımız doğruldu – sentyabrda Sadio Tounkaranı yenidən sıralarına qaytaran bakılılar, oktyabrda da Con Kamaraya qucaq açdı. Noyabrın səssiz keçməsi bizə də qəribə gəlmişdi, son anda “şad xəbər” gəldi.
Sən demə, “Keşlə” ənənəsinə sadiq imiş, komandanın düşərgəsinə baxışa gələn var. Məşqçilər heyəti indi ayılıb ki, müdafiənin mərkəzində boşluq yaranıb, yeni transfer lazımdı və tezliklə namizəd tapıblar. İrandan futbolçu dəvət edilib, baxışdan keçib və yaxın günlərdə rəami müqavilə bağlanaraq sifariş ediləcək. Bəri başdan qeyd edək ki, yeni futbolçu farsdı, Tehran ətrafından gəlib və onu milliləşdirmək istəsələr, qanunları ayaqlamış olacaqlar.
Reza Aliyari 28 yaşın içindədi (15 mart 1994). 183 sm boya malik mərkəz müdafiəçisi “Naft Tehran”, “Saypa”, “Nassaji”, “Qohar” kimi klublarda oynayıb. 2020-ci ildə ikinci dəfə “Saypa”ya qayıdan futbolçu burada ilyarımda cəmi 17 matça çıxıb. O, bu ilin sentyabrında İran liqasının autsayderlərindən olan “Havadar”a yollanıb. Lakin burada işləri uğurlu alınmadığından klubu tərk edib və hazırda azad agentdi.
İranda lazımsız bilinən futbolçunun autsayder “Keşlə”nin yarasına məlhəm olacağına ümid etmirik. Belə statistikaya malik birinin qış fasiləsinə iki tur qalarən tələsik transfer olunması məntiqsizdi. Amma söhbət “Keşlə”dən gedirsə, hər şey mümkündü. Onların dekabrda da yeni transfer xəbəri ilə bizi “sevindirəcəyinə” şübhə etməyin.
AĞA