“Təəssüf ki, heç vaxt Bakıda olmamışam” – bunu futbolinfo.az saytına açıqlamasında italiyalı məşhur qapıçı, hazırda məşqçi kimi fəaliyyət göstərən Valter Zenqa deyib.

 

O, “Neftçi”dən təklif alması və Azərbaycana gəlməsi barədə xəbərlərə münasibət bildirib: “Neftçi”yə uğurlar arzu edirəm. Amma heç zaman bu klubdan təklif almamışam. Hazırda Dubaydayam və ailəmlə birlikdəyəm. 2010-cu ildən bu şəhərin sakinləriyik”.

 

“Azərbaycandan heç təklif almısınızmı” sualına isə Zenqa bu cür cavab verib: “Təklif almaq mənim işimin bir hissəsidir. İndi olmasa da, gələcəkdə bu cür təklif almaq mümkündür. Mən Dubayda yaşayıram, azad agentəm və Dubay Bakıdan çox da uzaq şəhər deyil. Təklif ala bilərəm. “Neftçi” barədə də məlumatım var. Yaxşı təşkil olunmuş klubdur”.

 

Təcrübəli çalışdırıcı Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin köməkçisi Benni Karbone ilə münasibətlərinin yaxşı olduğunu və Azərbaycan haqqında danışdıqlarını sözlərinə əlavə edib: “Karbone ilə yaxşı münasibətimiz var. Hansı ki, mən İtaliyada “Krotone” klubunda işləyəndə o, köməkçim idi. Onunla Azərbaycan barədə çox danışmışıq və mənimlə təcrübələrini bölüşüb. Əgər Azərbaycandan, “Neftçi”dən təklif alsam, gəlib orada çalışa bilərəm”.

 

Qapıçı kimi “İnter”də məşhurlaşan, İtaliya millisində uzun illər çıxış edən Zenqa 1998-ci ildən məşqçiliklə məşğuldu. İtaliya, Rumıniya, Serbiya, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, İngiltərə klublarında çalışan Valter uğurlu məşqçilərdən sayılmır. 23 ilə 19 dəfə iş yeri dəyişən sabiq qapıçı təsdüfi hallarda hansısa klubda iki mövsüm iş başında olub. O, sonuncu dəfə “Kalyari”də çalışıb və bir ildi işsizdi.

unnamed 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp