“Neftçi” qış fasiləsində bəzi oyunçuları ilə vidalaşa bilər. Ümidi doğrultmayan və heyətdə yer tapmaqda çətinlik çəkən əcnəbilərdən yola salınanlar olacaq.

Hələlik hansı oyunçuların gedəcəyi dəqiqləşməyib. Çünki klubun imtina etməsiylə deyil, müqaviləli futbolçular özü də belə qərara gəlməli, anlaşmaya ikitərəfli xitam verilməlidi.

Deyəsən, ilk vida qərarı Harramiz Soaresdən gələcək. San Tome və Prinsipidən olan legioner çempionatda şans almamasından narazıdı. Avrokuboklarda baş məşqçi Samir Abasovun 4 fərqli mövqedə güvəndiyi oyunçu Premyer Liqada limit üzündən kənarda qalıb. Məşqçinin heç şans vermədiyi yarımmüdafiəçisi durumundan bezib və yeni klub axtarır.

Harramiz “Neftçi” ilə iki illik müqavilə bağlamışdı, ən yüksək məvacib alanlardan biridi. Lakin onun müqaviləsində bənd var, klub istərsə, iki aylıq maaşını kompensasiya kimi ödəyib onu yola sala bilər. Çox güman, belə də olacaq. Ehtiyatda oturan futbolçuya 2 il pul ödəməkdənsə, onu bu şəkildə yola salmaq sərfəlidi. Abasovun uğursuz transfer siyasətini yalnız bu yolla korrektə etmək mümkündü.

“Neftçi” heyətə düşməyən bəzi legionerlərdən yalnız artıq yükdən qurtulmaq üçün imtina etmir. Qışda heyətin gücləndirilməsi lazımdı və bunun üçün də yer boşaldılmalıdı. Hələlik Harramiz siyahının başındadı, başqalarının gedişi də mümkündü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp