“Bu, nə oyun çıxardır? Bu nədir, alə?” – əyləncə mərkəzlərindən birində çəkilən, sosial şəbəkədə yayılan videogörüntülərdən götürülüb bu ifadələr. İdman və gənclər nazirimizin yeni müavininin yer aldığı, izlədikdə üzüldüyüm görüntülərdən danışıram. Sıravi insan üçün bəlkə də qəbulolunandı, əylənmək hamının haqqıdı, lakin söhbət örnək götürüləsi, nümunə olası dövlət məmurundan gedirsə… Ən azı gənc nəslin məsuliyyəti belə adamlara tapşırılmamalıdı.

Başımın ağrıyacağını, başımı ağrıdacaqlarını bilirəm. Amma bu yazını kompüterin yaddaşına köçürməyə vətənini, xalqını, dövlətini sevən bir azərbaycanlı kimi borcluyam. Onsuz da illərdi həqiqətlərə göz yummadığımız üçün ən sərt məhrumiyyətlərə məruz qalmışıq, bundan artığına da razıyam, lakin Azərbaycan adına xələl gətirəcək ən kiçik olaya belə biganə qalmaram.

Bu, məslək, ən əsası vətəndaşlıq borcumdu. Dövlət başçısının stolu üstünə belə insanların təqdimatını göndərənlər, onları başımızda oturdanlar tutduğu postun məsuliyyətini anlamalıdı. Dövlət başçısı dünən Soçidə, bu gün Aşqabadda, sabah başqa bir diyarda olacaq, hazırda vətənin maraqları üçün gecəsini gündüzünə qatıb çalışır, siyasi proseslərin mərkəzindədi, bütöv, güclü Azərbaycan üçün hər şey edir. Ölkə daxilində problemləri həll etmək, işi düzgün qurmaq isə hər cür səlahiyyət verdiyi məmurların borcudu. Gənc kadrlara güvənir, onların qarşısına vəzifələr qoyur, təqimatlarına etibar edir. Nəticə?..

Fərid Qayıbov özünü idmanın Elxan Məmmədovu kimi aparır. O da əcnəbisevərliyini nümayiş etdirir, azərbaycanlılara güvənmir. Hələ təyinatından az sonra, ilk addımlarından gənclər və idman naziri vəzifəsinin bu şəxsin potensialına uyğun olmadığını yazmışdım, fikrimi əsaslandırmışdım. Fəaliyyətində ilk addımları qüsurlu idi, zaman göstərdi ki, onun güvənəcəyi komanda daha böyük problemlər yaradacaq. Azad Rəhimova min dəfə rəhmət olsun, kişinin qədrini sağlığında bilməmişik.

Marina Vasilevanın arxasında kimin dayandığını bilmirəm, onun haqqında yazan bir jurnalisti vaxtilə sıxma-boğmaya saldıqları yadımdadı. Bəlkə də toxunulmaz şəxsdi, böyük işlər görüb ki, onu nazir müavini olmağa layiq biliblər. Amma mənim bildiyim qədərilə Gimnastika Federasiyasında hamının narazı olduğu şəxs olub. Qılıncının qabağı da kəsir, arxası da – ona görə də bu qədər narazılığa rəğmən daim irəli çəkilir.

Nazirin hər iki müavinin qadın olması mənim üçün maraqlı məqamdı. İdman spesifik sahədi, burada diqqətli olmaq lazımdı. Qadınlara qarşı ayrı-seçkilik tərəfdarı deyiləm, əksinə, dəstəkləyirəm, lakin nazirin təqdimatında yalnız xanımlara üstünlük verməsi şəxsən mənə maraqlı gəldi. Xüsusilə idman sahəsində kişi mütəxəssislərin işləməsinin vacib olduğunu zatən zaman göstərəcək.

Prezidentin təyinatını şərh etmək kimi bir məramım yoxdu, sadəcə, niyə bolqarın bu posta namizəd göstərilməsi mənə maraqlıdı. Qayıbovla çəkdirdikləri əcaib jestlərin yer aldığı fotolar, geniş yayılan videolar bir yana (onların heç birini sayta yerləşdirmirik, çünki təbliğində maraqlı deyilik – red.), məgər Azərbaycanda savadlı, bacarıqlı gənc nəsil yoxdur? Yoxdursa, niyə yetişdirilməyib? Axı, Vasileva da 10 ildən çoxdu Azərbaycandadı, adi məşqçi olub, nə öyrənibsə burada öyrənib, onunla yanaşı yerli kadrlar niyə öyrədilməyib?

Belə məsul postları tutmaq üçün kifayət qədər yerli gənclər var? Azərbaycanlılar yalnız müharibə olanda döyüşə göndərilmək üçündümü? Vaxtilə haqqında “döyüşə bilmirlər” deyilən oğullar 44 gün ərzində prezidenti müzəffər komandan etdilər, istənilən sahədə eyni qabiliyyətə malikdilər, sadəcə, güvənmək, şans vermək lazımdı.

İdman və gənclər siyasəti dövlət üçün çox mühümdü, strateji sahədi. Burada gələcək nəsli düzgün istiqamətləndirən insanlar çalışmalıdı, Vasilevanın etdikləri isə müasir “Avropa mədəniyyəti”di, şərq mentaliteti ilə uyuşmur, heç birimiz ailə üzvlərimizi o cür görmək istəmərik. Övladlarımızı belə məmurun diqtə edəcəyi ideologiyayamı etibar edəcəyik?

Marina Vasileva 1974-cü ildə Bolqarıstanda doğulub. O, vətəninin yığmasında gimnast kimi çıxış edib, böyük uğurları yoxdu. Karyerasını başa vurduqdan sonra “Levski” klubunda məşqçi işləyib, 2007-ci ildə Azərbaycan yığmasından təklif alsa da, ölkəmizə 2009-da gəlib. Həmin ildən yığmamızın çalışdırıcısı olaraq fəaliyyət göstərib, vəzifə pilləkənlərini yüksəlib, indi də qızını millidə məşqçi təyin etdirib. Həyat yoldaşı illərdi “Zirə” akademiyasında futbol məşqçisi kimi çalışır.

Düzdü, idman gimnastikadan başlayır, amma yalnız gimnastikadan ibarət deyil. Qayıbov isə çalışdığı federasiyanı nazirliyə köçürdür. İnsanların vətəndaşlığına, davranışına baxmadan… Federasiyada dar çərçivədə nələrisə gizlətmək olar, amma söhbət ölkə idmanından, gənclərlə işdən gedirsə, hətta Fərid bəy özü bu məsuliyyətin altında əziləcək. Belə müavinlər isə ona kömək etməyəcək, problem yaradacaq.

Təyinat reallaşıb, geriyə addım mümkün deyil. Zamanla Marina xanım etimadı doğrultmağa məhkumdu, əks halda, özündən öncə nazirinə problem yaradacaq. Bir də bolqarlarla bağlı bir az şübhəm var. Georgi Nikolov illərlə “İnter” klubunun prezidenti işlədi, Azərbaycanda qazandıqları ilə Bolqarıstanın az qala yarısına sahib olub. İşdən çıxarkən ölkəmizdə uzun müddət girov kimi qaldı, vətəninə getməsi yasaqlanmışdı. Nəhayət, gedə bildi və yaxınlarda verdiyi müsahibə ilə ölkəmizin idman imicinə zərbə vurdu.

O, Azərbaycanda işlədiyi dövrdə mətbuat “Simurq”un “İnter”in farm-klubu olmasını dəfələrlə yazır, bu klubların bir-birinə kömək etdiyini, oyun verdiyini car cəkirdi. Kimsənin tükü tərpənmirdi, mətbuatı şaiyə yazmaqda günahlandırırdılar. Nikolov özü ötən ay verdiyi müsahibədə hər şeyi etiraf etdi, “Simurq”un onlara həmişə bilərəkdən uduzduğunu bildirdi. O vaxt ona güvənənlərin indi hansı həbsxanada yatdığını hamı bilir. Vasileva artıq dövlətimizin məmurudu, vətəninə qayıtdıqdan sonra eyni şeyləri danışmayacağına ümid edirəm.

Eyni gündə təyinat alan digər müavin İndira Hacıyeva gənclərlə iş şöbəsinin keçmiş müdiridi. Qayıbov vəzifə başına gələn kimi ilk olaraq onu işdən çıxarmışdı. İndira xanımın hansı bacarığa sahib olduğunu bilmirəm, amma müxtəlif məsul vəzifələrdə işləyib, 2006-2007-ci illərdə Prezidentin İcra Aparatında Baş məsləhətçi olub, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib. Deməli, bacarıqlı kadrdı. Belə birinin vəzifədən uzaqlaşdırılması, yenidən geri qaytarılması çox maraqlıdı. Deməli, Fərid bəy gəldiyi federasiyadan gənclərlə işləmək bacarığında olan kimisə tapa bilməyib və geridönüş etməyə məcbur olub.

Müavinlərə “xeyirli olsun” deyir, xüsusilə Marina xanıma daha diqqətli olmasını diləyirəm. Cənab nazir isə daha məsuliyyətli olmalıdı, onun bu təqdimatları ölkə rəhbərliyini hədəfə gətirir, haqsız yerə tənqidlər önünə atır.

Ümumiyyətlə, Fərid bəyin başlatdığı islahatlar strategiyası çox təhlükəlidi. Lazımlıdı, amma dəqiqliklə icra edilmir. Bir gündə üç federasiyada rəhbər dəyişir – ümid edirik ki, inkişaf üçün planlaşdırlan gedişlərdi, lakin nizamnamə, əsasnamə ayaqlanmamalıdı, 2 saata təhvil-təslim olmaz, prosedur qaydaları gözlənməli, hər şey qanun çərçivəsində olmalıdı. İşdən çıxarılanların fəaliyyəti araşdırılmalıdı, pis işləyiblərsə, hesabat alınmalıdı, yaxşı işləyiblərsə, niyə çıxardıldıqları deyilməlidi. “Klan-klan” oyunumu oynayırıq? Bir federasiya prezidenti öz sahəsində uğursuzluğa görə işdən çıxarılır, yerinə qohumu təyin edilir, özü isə başqa bir federasiyaya rəhbər olmağa gedir. Gülüncdü, məntiqsizdi…

Yoxsa yeni “kruq” yaradırsız? 100-ə yaxın federasiya var, hərəsinə 10-15 dost-tanış yerləşdirirsiz, maliyyəsini dövlət verir, hamı şad-xürrəm yaşayır – nə gözəl sistemdi? Nəticə vermək lazım olanda gətirəcəyiniz bəhanələri də düşünmüsüzmü? Yoxsa bolqar nazirimizin əlqələri hesabına yeni milliləşənlər dalğasına hazırlaşırsız?

Hörmətli nazir, sizin işinizlə bağlı pozitiv şeylər yazmaq istəyirik, tənqid yüklü yazılar bizi də yorur. Sizə qərəzimiz yoxdu, problemləri görməyiniz üçün yolunuza işıq tuturuq, gələcəyin güclü, azad, firavan Azərbaycanı yəqin, bizim kimi sizin də arzunuzdu. Ona görə indidən düzgün addımlar atmalı, sabiqlərin səhvlərini təkrarlamamaq lazımdı. Sizinlə qərəzimiz olsaydı, bir neçə gün öncə əyninizə geydiyiniz narıncı rəngli köynəkdən yazardıq, gələcək üçün Avropa xəyalları planlaşdırdığınızı, bu xəttlə irəlilədiyinizi iddia edərdik, indiki addımlarınızı da ona uyğunlaşdırardıq və haqsız olmazdıq. Amma biz xoşniyyətliyik, o addımın ardınca xanımlara vəzifə verməyiniz arasında səbəb-nəticə əlaqəsi axtarırıq. Muradımız yalnız odur ki, doğru kadrlar seçin, gənclərimizi, gələcəyimizi etibarlı əllərə verək.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp