“Qarabağ”ın kapitanı Maksim Medvedevin futbolinfo.az saytına müsahibəsi

– “Omoniya” ilə heç-heçə etdiyiniz oyunda hamı “Qarabağ”dan qələbə gözləyirdi…

– Təbii ki, Kipr komandasını yenidən məğlub etmək istəyirdik. Çox çalışdıq, qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, həmin imkanları qola çevirə bilmədik. İlk oyunda qazandığımız 4:1 hesablı qələbədən sonra hamı Bakıda da qalibiyyət gözləyirdi.

– 2:2 sanki işinizi bir az çətinə saldı – bununla razılaşırsan? Çünki indi “Bazel”ə heç-heçə sərf edir və evdə oynayacaqlar…

– Qrup oyunları başlamamış bizə 2-ci yer verilsəydi, sevinərdik. Lakin öz oyunumuzla göstərdik ki, birinci ola bilərik. “Bazel”in gücünə bələdik. İsveçrə klubu güclü komandadır və şanslar 50-50-yədir. Bilirik ki, onları heç-heçə qane edir. Digər məqam isə odur ki, rəqib meydanında oynayacağıq. Lakin onların müdafiə və ya hücum futbolu oynamasından asılı olmayaraq, əsas olan bizim necə çıxış etməyimizdir.

– Şahruddin Məhəmmədəliyevin səhvindən sonra komanda 3 xaldan oldu. Bir kapitan kimi ona irad bildirdin, yoxsa daha çox dəstək oldun?

– Çoxu deyir ki, bu, Şahruddinin səhvidir. Amma mən bununla razılaşmıram. Buraxılan istənilən qol komandanın səhvidir. Biz bir yerdə qalib gəlirik, bir yerdə uduzuruq. Şahruddin bəlkə yüz dəfə komandanı qoldan xilas edib, bəlkə də hansısa oyunda onun inamlı çıxışına görə qalib gəlmişik. Lakin heç kim “Şah”a görə qalib gəlməyimizdən danışmır. Amma “Omoniya” ilə matçdakı 2 xala görə hamı onu günahlandırır. “Şah” ən yaxşı qapıçıdır, biz onu qiymətləndiririk, dəstəkləyirik və həmişə belə olacaq.

– “Bazel”lə evdəki matçda “Qarabağ” üstün futbol oynamışdı. Səfərdə də bu üstünlüyü yaratmaq mümkün olacaq?

– “Bazel”lə səfər matçının necə olacağı hələlik məlum deyil, əsas odur ki, matça yaxşı vəziyyətdə və əhval-ruhiyyədə yollanaq. Yaxşı, maraqlı olacaq və İsveçrədən qələbə ilə qayıtmaq istərdik.

– Qayıdaq çempionatda “Qəbələ” ilə matça. Heç-heçəni necə nəticə sayırsan?

– “Qəbələ” ilə oyun gərgin keçdi, yığılan yorğunluq və rəqibin oyunu nəticəyə təsir etdi. Ümumilikdə bir xal qazandıq. Növbəti matçlarda maksimum xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Baş məşqçi Qurban Qurbanov komandanın yorğun olduğunu və bunun nəzərə çarpdığını dedi. Həqiqətən yorğunluq çox idi?

– Bəli, bundan əvvəl mən də qeyd etdim ki, yorğunluq var, bu, təkcə “Omoniya” ilə son oyuna görə deyil. Biz adətən 3 günə bərpa oluruq və iyul ayından çətin yola başladıq. Eyni tepmdə davam etdik və yarım il ərzində 25 oyun keçirdik. Bütün bunlar yorğunluq yaradır. İndi əsas odur ki, “Zirə” ilə son oyuna kimi eyni tempi saxlayaq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp