Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılsın. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etsin.
- Aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunsun:
U-15/U-16 – Füzuli Məmmədov
U-17 – Elxan Abdullayev
U-18 – Aqil Nəbiyev
- AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiq olunsun.
- Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunsun. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
- “Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılsın.
- Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunsun. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunsun.
- Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunsun
- AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FİFA Forward Layihəsindən 150 000 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunsun.
- VAR layihəsi üçün 500 000 ABŞ dolları məbləğində FİFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunsun.
İclasın sonunda “Qarabağ” klubuna Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.