AFFA daha sürpriz edə bilmir, o qədər bəsit planlar qururlar ki, növbəti addımlarını öncədən oxumaq olur. Canni de Byazinin postunda saxlanacağıyla bağlı proqnozumuz doğruldu. Aparılan təbliğat kampaniyası məhz bundan xəbər verirdi, yanılmadığımız təsdiqləndi.

Bugünkü iclasın qərarlarının açıqlandığı xəbər İK üzvlərinin kollektiv fotosu ilə tamamlanıb. Qurum bununla 13 üzvün hamısının müzakirələrdə iştirak etdiyini göstərmək istəyib. “Evdən işləyən” Emar Məmmədyarovun nəhayət, millət içinə çıxması, özü bir xəbərdi, ancaq ən önəmlisi Rövnəq Abdullayevin ortada əyləşməsidi. Onun başının üstündə Elxan Məmmədovun dayanmasının rəmzi mənası da var – yəni, həm futbolun, həm də AFFA prezidentinin başı üstə özüm dayanmışam.

Komitə indiki dövr üçün özünə ən ziyansız qərarı verdi. Canni de Byazinin baş məşqçi postunda saxlanılmasının başqa adı yoxdu. Türkiyəli mütəxəssislə bağlı söhbətlər yatırıldı, “mütəşəkkil dəstə” bununla hansı ideoloji xəttə xidmət etdiyini göstərdi. Yerli namizəd variantı da arxa plana atıldı, AFFA bunun özü üçün hansı pis nəticələrə səbəb olacağını gözəl bilir – ictimaiyyətin tələb etdiyi adlar niyyətləri üzündən onlar üçün qəbulolunmazdı, başqaları isə kütləvi qınağa səbəb olacaqdı.

İcraçı vitse-prezident Elxan Məmmədovun dəstəsi de Byazini saxlamaqla daha 1 il qazandı. Lakin daha çoxunu bacarmadılar, həyasızlıq edib uzunmüddətli müqaviləyə risk etməyə cəsarətləri çatmadı. Gələn ilin bu vaxtınadək vəziyyəti normallaşdırmaq, azarkeşlərin könlünü almaq, ümumi narazılıq fonunu aradan qaldırmaq üçün gözə pərdə tutmağa çalışacaqlar.

Bu müddətdə Millətlər Liqasındakı rəqiblərlə mübarizədə mümkün qədər yaxşı nəticə göstərilməlidi. Belə olduqda inkişafa doğru addımlar atılmasıyla bağlı nağıllar danışılacaq. Amma əksi də var – növbəti fiasko radikal islahatları şərtləndirəcək.

İstənilən halda, Canninin saxlanılması həm də AFFA-nın etirafıdı. Qurum bununla məşqçinin kimliyinin önəm daşımadığını, problemlərin səbəbinin ümumi strategiyada, idarəçilikdə olduğunu boynuna aldı və qərardakı sonrakı bəndlərdən aydın olur ki, nələrisə dəyişməyə çalışacaqlar. 14 ildi çalışırlar, vəziyyəti düzəldə bilməyiblər, daha 1 ili ömrümüzdən oğurladılar.

İndi AFFA rəhbərliyinin mətbuat konfransı keçirməsi lazımdı. De Byazinin hesabatında onları nə qane edib ki, onu saxlamağa razılaşıblar? Seçmə mərhələdəki fiaskonun izahı olmalıdı. Və italiyalı 10 ay ərzində hansı nəticələri vəd verib? Yığmamız Millətlər Liqasında hansı yer üçün mübarizə aparacaq? Bu suallara cavab vermək üçün Rövnəq Abdullayev, Elxan Məmmədov mətbuat konfransı keçirməli, Canni de Byazi planlarını açıqlamalıdı.

İK-nın digər qərarları da maraqlıdı. Amma suallar var. Məsələn, U-15/U-16 yığması Füzuli Məmmədova tapşırılıb, əvəzində Miloş Velebitin taleyi aydınlaşmayıb. Elxan Abdullayevlə Aqil Nəbiyevin təyinatları isə çoxdan bəlli idi, sadəcə, rəsmiləşdi…

Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiqlənib. Tenderdə kimin qalib gəldiyi rəsmən açıqlanmayıb – bu da növbəti müəmma…

Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunub. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb. Hansı bölgələrə? Nə qədər vəsait? Hansı şərtlərlə? Büdcə necə formalaşacaq? – Rəsmi açıqlama, detalı izahat gözləyirik…

“Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılıb. Vaxtilə “Şəfa”nı satanlar yenə alverlə məşğuldu, yəqin ki, hansısa məmur dəniz kənarında obyekt tikmək istəyir və bu əraziyə gözü düşüb. Araşdırsaq, həmin torpağı alanın elə AFFA məmurlarından kiminsə olduğunu görəcəyik…

Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunub. Zatən indiyədək “Neftçi” rəsmisinin burada təmsil olunması özü qanun pozuntusu idi. Onun əvəzinə təyin olunan Gülağa Cabarov isə 99-cu dəfə AFFA-ya qayıdır…

Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunub. Qırmızı gödəkçəsini geyərək mala vurmaqla məşğul olan həmkarlarına yardıma gəlib yəqin…

AFFA-nın Futbol akademiyasının təmir olunması üçün 150 000, VAR layihəsi üçün 500 000 ABŞ dolları məbləğində FİFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiqlənib. Xeyirli olsun…

Bir də iclasın sonunda komitə üzvləri “Qarabağ” klubuna Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə gecikmiş təbriklərini çatdırıblar. 10 aydan sonra biz də AFFA-nı Millətlər Liqasındakı uğura görə təbrik etmək istəyirik. Tənqid, təhqir yox ha, təbrik…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp