AFFA milli komandanın baş məşqçi postu ilə bağlı qərar verdi. İndi İcraiyyə Komitəsinin üzvləri malalamaqla, seçimlərinə izah verməklə məşğuldu. Onlar illərdi məhv etdikləri ölkə futbolunu özlərindən xilas etmək əvəzinə absurd açıqlamalar verirlər.

Əslində, bu qədər uğursuzluğun yekununda İK üzvləri özləri istefa verməlidi. Canni de Byazini milliyə gətirənlər də onlardı, futbolumuzla bağlı digər sərsəm qərarları verənlər də. İnkişaf yoxdusa, hər gün daha da geriyə gediriksə, deməli, başda oturanlar dəyişməli, səriştəli insanlar vəzifə başına gəlməlidi.

Ümumiyyətlə, Azərbaycan futbolunun problemi milli düşüncəli kadrların kölgəyə atılmasıdı. Yerli mütəxəssislərə nifrət edən, əcnəbilərə sonsuz sevgi bəsləyən kreslo düşkünləri ilə heç nə əldə etməyəcəyik. Bu insanlar yerli kadrlara qısqanclıqla yanaşır. Məsələn, Vaqif Sadıqov – nə düz-əməlli futbolçu olub, nə də məşqçi, indi hansısa azərbaycanlı gəlib futbolumuzda uğur qazansa, onun qəbrini də söyəcəklər. Qurban Qurbanova mane ola bilmədilər, indi yeni qurbanların üzə çıxmasından qorxurlar. Qurbanov millidə işləyəndə hər gün onun dalınca danışan, müsahibə verən Sadıqov indi milli komandayla fiasko yaşayan de Byazinin postunda saxlanmasına çəpik çalır.

İsgəndər Cavadov müsahibə verməyə də qorxur. İllərdi İK-da oturub, verdikləri bütün qərarlar fiaskoya səbəb olur, o isə yenə susur. Nə istefa verir, nə də düzgün inkişaf yolunu göstərə bilir, sakitcə “paket”ini alır, xidməti maşında gəzir, həyatını sürür.

Və ya Kazbek Tuayev. Bu adamın yarım əsrdi rəhbərlik etdiyi uşaq futbol məktəbində araşdırma aparılsa, ömrünün yetməyəcəyi qədər həbs cəzası alar. AFFA yaranandan vəzifə başındadı, bütün prezidentlərlə dil tapıb, pulunu qazanıb. İndi Fuad Musayevin arxasınca deyinir, vaxt gələcək Rövnəq Abdullayevi də tənqid edəcək. Hələlik “Şah sağ olsun” deyir, güzəranın düzəldir. Tuayev bir həftə öncə milli komandaya yerli məşqçinin rəhbərlik etməli olduğunu deyirdi, namizədlərin adını çəkirdi, bu gün isə de Byaziyə vaxt verilməsinin vacibliyindən dəm vurur, onu uekdilliklə dəstəklədiklərini bildirir, havanın hərarətinə görə rəngini dəyişir.

Futbol veteranlarını qabartmağımızın səbəbi var, top oyunun durumuna görə ilk olaraq onların vicdanı sızlamalıdı, onlar məsələ qaldırmalı, təşəbbüs göstərməlidilər. Hansını dindirsən, “iclasda bizə qulaq asmırlar” deyəcəklər, elədisə, buna uyğun müsahibə verin, problemləri qabardın, malalamayın. Sizin açıqlamalarınız ağalarınızın kreslosunda rahat əyləşməsinə hesablanıb.

Fərid Mansurov güləşçidi, ondan nə tələb edək? Və ya az qala hər federasiyada İK üzvü olan Rauf Əliyevdən? Elşad Nəsirov və başqaları üçün futbol ən önəmsiz sahədi, onları başda oturdanlar da nə etdiyini bilmir, siz də onların işini rəvanlaşdıranlar, rövnəqləndirənlərsiz.

İK qərarını verib və dünəndən Vaqif Sadıqov hər iki əlinə mala alaraq düşüb mətbuatın səhifələrinə. Hansı çatı göstərirsən, ora mala çəkir, yamaq vurur. O, yığmaya təyin olunan bütün məşqçilər barədə “Vaxt verək, yaxşı olacaq” deyən adamdı. İllər keçir, onun Bakıdakı evlərinin, futbolumuzda isə problemlərin sayı artır.

Sadıqovun dünənki açıqlamalarına diqqət edək: “U-15/U-16 millimizə Füzuli Məmmədovun baş məşqçi təyin olunması müsbət addımdır. Çünki o, yaxşı məşqçidir. “Neftçi”ni də çalışdırıb və uğur qazanıb. Füzuli Məmmədov “Neftçi” ilə birlikdə Avropa Liqasında mübarizə aparıb. Aqil Nəbiyev U-17 ilə birlikdə hələ rəsmi yarışlarda iştirak etməyib. Buna görə də onun müqaviləsi uzadılmalı idi. Nəticədə U-18-ə baş məşqçi təyin edildi. Elxan Abdullayev isə əvvəllər U-19-a baş məşqçilik edirdi. Elxan Abdullayevin təcrübəsinə əsaslanaraq, onu U-17-yə baş məşqçi təyin etdik. Çünki o, yaxşı komanda formalaşdıra bilər. Bu məşqçilərin hər birinə uğurlar arzulayıram”.

Əziz Vaqif bəy, Füzuli bəy üçün əla səbəb tapmısız. Əzizinizdi, məşqçisi olduğunuz bütün komandalarda hər mənada sağ əliniz olub, həmişə sizinlə birlikdə görünüb, bunu başa düşdük. Doğrusu, Məmmədovu mən də perspektivli məşqçi sayıram, çalışqandı, şans almalıdı. Lakin bu adam öncə klubda özünü doğrultmalı deyilmi? Axı, Rəşad Sadıqov və başqa məşqçilərdən danışanda onların hələ özünü sübut etməli olduğunu deyirsiz, Füzuli bəy özünü harada sübut edib?

Deyirsiz ki, “Neftçi”ni çalışdırıb və uğur qazanıb. Hansı uğur? Nəsə mənim yadıma gəlmir axı. Mövsümü biabırçı başlayıb qovulmasını deyirsiz? Sitat: “Neftçi” ilə birlikdə Avropa Liqasında mübarizə aparıb”. Hə, nə olsun? Avrokuboka komanda çıxaran o qədər məşqçi var ki. Bu, ölçü vahididi? Hələ PRO kateqoriyası ala bilməyən adamdan danışırsız e…

Aqil Nəbiyev harada işləyib? O, heç avrokuboka komanda da çıxarmayıb. Məntiqinizə quzu kəsim: “U-17 ilə birlikdə hələ rəsmi yarışlarda iştirak etməyib, buna görə də onun müqaviləsi uzadılmalı idi”. Sən canın, Vaqif bəy, bu beyinlə axşamlar evə gedəndə yolunuzu qarışdırmırsız; gedib maşını erməni qəbirastanlığı deyilən yerdə saxlayıb evə taksiylə qayıtmırsız?

Sadıqovun Elxan Abdullayevin təyinatı haqda dediklərinə baxın: “Təcrübəsinə əsaslanaraq, onu U-17-yə baş məşqçi təyin etdik. Çünki o, yaxşı komanda formalaşdıra bilər”. “Bütün iş yerlərində uğursuzluq təcrübəsinə əsaslanaraq” – əslində, cümləni belə başlasaydız, daha məntiqli olardı. “Neftçi”ni müstəqillik dönəmində ən uğursuz nəticələrə məhkum edən, digər komandalarda biabırçı nəticələri ilə yadda qalan adamdan danışırıq…

Təyin edin, milli komandalarda yerli mütəxəssislər çalışmalıdı, amma bu cür məntiqsiz izahat verməyin. İnsanlara yazığınız gəlsin, sözlərinizə gülməkdən ürəyi tutanlar ola bilər. İzahat verə, seçiminizi əsaslandıra bilmirsiz, heç olmasa, susun – hiyləgər Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Firudin Qurbanov kimi.

Düzəlməyəcək. İnanın, hər dəfə belə qərarlar veriləcək, çıxıb kimlərsə malalayacaq, biz onları tənqid edəcəyik, iki gündən sonra hər şey unudulacaq və karusel dövr edəcək. İslahatlar AFFA-nın özündən, İcraiyyə Komitəsindən başlamalıdı. Tutuquşuları, bayquşları, leşyeyənləri rədd edib milli təəssübkeşliyi olanları iş başına gətirmək lazımdı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp