“Keşlə” “Səbail”ə qalib gəlsəydi, haqsızlıq olardı. Autsayderlərin dünənki duelində aşkar ərazi üstünlüyünə malik olan, topa daha çox sahib qonaqlar ən azı bir xala layiq idi.

Heyət baxımından rəqibinə aşkar uduzan “Səbail” Rauf Əliyevin xəstələnməsi ilə çıxılmaz vəziyyətə düşmüşdü. Nikolas Raysel də cəzalı olduğundan hücumda ciddi sıxıntılar var idi. “Keşlə” isə heyətinə görə indi tutduğu yerə layiq deyil, bu tur qalib gəlməklə irəliləyə bilərdilər, gəl ki, onu da bacarmadılar.

Qeyri-bərabər vəziyyəti yalnız məşqçi bacarığı dəyişə bilərdi. “Keşlə”nin bu baxımdan bəxti gətirməyib, Sənan Qurbanov yalnız futbolçuları sayıb meydana buraxmağı bacarır. Onun həmkarı Aftandil Hacıyev isə hücumdakı sıxıntıları aradan qaldırmağım yolunu mərkəzdə üstünlük qazanmaqda gördü, yanılmadı. Qonaqlar bununla meydan sahiblərinin oyununu iflic etdi.

Hətta bəxt də “Keşlə”yə kömək etmədi. Komanda fasiləyə hədiyyə penaltidən qol vurub getdi, meydana qayıdan kimi daha bir dəfə fərqləndi. Amma 2 dəqiqəyə buraxılan 2 qol “Səbail” ruhdan salmadı, səbrlə oynadı, hücumlarını intensivləşdirdi və arzusuna çatdı. Qonaqlara Anatole Abanqın 2 sarı vərərə ilə meydandan qovulması da yardım etdi. Tezliklə Rahid Əmirquliyev fərqi azaltdı, son saniyələrdə bərabərlik qolu vuruldu.

Nəticədə hərəyə 1 xal qazanan komandalar bir-birindən uzaqlaşa bilmədilər. Az sonra “Sabah” da uduzunca liderlər qrupuyla ikinci “dördlük” arasında xal fərqi artdı. Çox güman ki, qış fasiləsinə kimi turnir cədvəlində ciddi yerdəyişmə olmayacaq.

“Qarabağ” “Sabah”la oyunun favoriti sayılırdı. Amma ağdamlıları qarşıda avrokubok matçı gözlədiyindən, qonaqlar onların ehtiyatlı oynayacağına ümidlənmişdi. Üstəlik, paytaxt təmsilçisi ardıcıl 5 matç idi uduzmurdu, bu isə özünəəminliyə səbəb olmalıydı. Gəl ki, Qurban Qurbanov əsas heyəti döyüşə atıb, Premyer Liqada çempionluğu qaytarmağı qarşısına məqsəd qoyduğunu göstərdi.

Ardıcıl 3 oyunda 3, növbəti 2 matçda 2 qol vuran “Sabah”ın bu dəfə ən azı 1 dəfə fərqlənməyini proqnozlaşdırırdıq. Məhsuldarlıq enmə qrafikiylə davam etsə də, hücum futboluna üstünlük verən komandadan bunu gözləməyə dəyərdi. Gözlənilən oldu, amma əvəzində “Qarabağ” amansızlığıyla seçildi.

“Sabah” “Qəbələ” və “Neftçi” üzərində səfərdə qələbə qazansa da, bu komanda hələlik liderlər qrupunda olmağa hazır deyil. Son qələbələr yeni məşqçinin gəlişinin yaratdığı motivasiyanın nəticəsi idi, Murad Musayevin hələ görəcəyi çox iş var. O, dünən faktiki “Qarabağ”a qarşı heç bir fərqlilik ortaya qoya bilmədi və darmadağınla razılaşdı. İndi əsas olan psixoloji zərbədən maksimum tez ayılmaqdı.

Beləliklə, 13-cü tur yarılandı. Bu gün “Neftçi”nin ilk “üçlüy”ə qayıtması mümkündü. Qonaqlar növbəti sürprizi bacarmasa, bakılılar kökdən düşən “Sumqayıt”ı yenib, Zirədəki dueldən xoş xəbər gözləyəcək. Ağdamlılar isə izləyicilərinin qarşılaşmasında heç-heçəyə azarkeşlik edəcək. Belə olarsa, qış çempionluğunu dünən təmin etmiş “Qarabağ” aradakı fərqin 7-yə yüksəlməsinə sevinəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp