“Qəbələ”nin qapıçısı Nicat Mehbalıyevin futbolinfo.az saytına müsahibəsi

  • “Zirə” ilə matçda komanda qələbə qazandı. Baxmayaraq ki, rəqibiniz çempionatın yaxşı komandalarından biridir. Qalibiyyəti necə dəyərləndirirsən?
  • Bizim üçün çempionatın ən önəmli oyunu idi. Çünki “Zirə” də, “Qəbələ” də son turlar sabit çıxışı ilə diqqət çəkirdi. Bu baxımdan çox vacib idi. Qış fasiləsinə ikinci pillədə yollanmaq üçün mütləq 3 xalı qazanmalı idik. Çox sevinirəm ki, istəyimizə nail olduq.
  • İkincilik mübarizəsində “Zirə” də var. Bu baxımdan onlarla matçların həlledici olduğunu düşünürsən?
  • Çempionatda hər tur “Zirə” də uğurlu nəticə qazanırdı və arada 1-2 xallıq fərq yaranırdı. Bu baxımdan çox vacib idi. 3 xal qazandıq və artıq müəyyən qədər üstünlük əldə etdik. Hər qələbə yuxarı pillələrdə yerimizi möhkəmləndirir.
  • Komandada artıq stabil çıxış edirsən. Öz oyununu necə dəyərləndirirsən? Səncə, verilən şansdan maksimum yararlana bilirsən?
  • Komandamız çempionata yaxşı başladı və sabit çıxışı davam etdirir. Zəif oyunlarımız olsa da, ümumi hər şey qaydasındadır. Amma öz çıxışım barədə danışmaq istəmirəm. Hər halda bunun cavabını baş məşqçimiz Elmar Baxşıyev və köməkçiləri bilər. Hər tur daha da yaxşısını etməyə çalışıram.
  • Necə düşünürsən bu stabil çıxış sənin milliyə yolunu aça bilər? Ümumiyyətlə, yığmadan gələcəkdə dəvət gözləyirsən?
  • Mənim üçün hər şey meydandadır, oynamalıyam. Təbii ki, hər kəs istəyər ki, əsas milliyə çağırılsın. Orda oynamaq bütün futbolçuların arzusudur. Amma yığmanın məşqçilər heyəti, futbolçuları izləyən məşqçiləri var və qərar onlarındır. Ümid edirəm ki, yığmaya dəvət alacam. Lakin milliyə çağırılmasam belə, öz yoluma davam edəcəm, ən yaxşısını etməyə çalışacam.
  • Qarşıda “Neftçi” matçı var və bu oyun da ikincilik baxımdan çox önəmlidir. Qalib gələ biləcəksiz?
  • Öncədən demək çətindir. “Neftçi” son çempiondu və onlara qarşı oynamaq hər zaman çətindir. İstəyirik ki, qalib gələk. Ümid edirəm ki, bunu bacaracağıq.
  • Komanda yoldaşın Məqsəd İsayev deyib ki, “Neftçi” ilə heç-heçə də yaxşı nəticə olacaq. Bu barədə sən necə düşünürsən?
  • Hardasa onunla razılaşmaq olar. “Neftçi” ilə heç-heçə də bizi ilk “3-lük”də saxlayacaq.

FƏRİD

Shares: