“Deməzdim ki, komandamda vəziyyət pisdir. Sadəcə Kevin Medinanın durumu bəlli deyil, bu gün fiziki məşqçi və həkimlə bir yerdə məşq etdi. Komanda ilə birlikdə deyildi. Ola bilər ki, sabah komandaya qoşulsun”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə görüş üçün İsveçrəyə yollanmazdan öncə jurnalistlərə açıqlama verib: “Medina haqqında tam qərar veriləcək. Durum yaxşıdır, sadəcə birinci dövrə başa çatır və hardasa futbolçularda fiziki və psixoloji yorğunluq var. Amma bunlar futbolçuların istəklərinə təsir etməməlidir. Bəzən statistika aldadıcı olur. Rəqibin açıqlamalarından görürürük ki, oyunu finala bərabər sayırlar və ciddidirlər. Əvvəlki oyunlar fərq odur ki, Bakıdakı matçda iki əsas futbolçuları oynamırdı, amma qarşıdakı oyun üçün onlar meydanda olacaqlar. İnanıram ki, futbolçularım yaxşı futbol göstərəcəklər”.
Təcrübəli çalışdırıcı komandanın hücum futbolu oynayacağını bildirib: “Həmişə görmüsüz ki, “Qarabağ” hücum futbolu oynamağa çalışır. Yenə də futbolçularımıza demişik. Xüsusilə avrokubok oyunlarında hücum futbolu oynamağa, rəqibin kimliyindən çəkinməməyə çalışırıq. Bəzən rəqib buna nə qədər şərait yaradır, onu bilmirik. Hazırda mütləq qalibiyyət lazımdır. Hücum futbolu oynayacağıq, müdafiəni rəqib meydanında qurmağa çalışacağıq”.
Q.Qurbanov qrup mərhələsində hakimlərin “Bazel”in leyhinə daha çox qərar verməsi və “Qarabağ”ın bu duruma hazır olması barədə suala belə cavab verib: “Bu dəqiqə hakimləri düşünmürük. Futbolçularda elə bir fikir yaratmaq istəmirik ki, düşünsünlər hakim rəqibə kömək etdi. Fikirləri rəqibə qarşı olsun. Hakim nəsə etmək istəsə, edəcək və biz də ona nəsə edə bilməyəcəyik. Çalışacağıq ki, rəqib səhv etsin və biz də bundan istifadə edək”.
AĞA