Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulmalı idi. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu. Lakin oyunlardan biri əlverişsiz hava şəraiti üzündən təxirə salınıb.
Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda olub. Növbəti mərhələyə vəsiqəni təmin etmiş “Bayern” ikinci yer uğrunda mübarizə aparan “Barselona”nı qəbul edib. Qrupun digər oyununda “Benfika” Portuqaliyada heç bir iddiası qalmayan Kiyev “Dinamo”sunu sınağa çəkib. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqdılar. Xallar bərabər olacağı halda isə “Benfika” 1/8 finala, “Barselona” isə Avropa Liqasına yollanacaqdı. Amma İspaniya nəhənginin səfərdə darmadağına üzüldüyü gündə Portuqaliya klubu inamlı qələbəyə sevinib. Beləcə, “Benfika” qrup ikincisi olduğu halda, “Barselona” ÇL-lə vidalaşmaq məcburiyyətində qalıb.
F qrupunda 1/8 finala çıxması dəqiqləşən “Mançester Yunayted” “Yanq Boyz”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. “Vilyarreal” isə İtaliyada “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirməli olsa da, bu görüş güclü qar yağışı ucbatından təxirə salınıb.
G qrupunda “Sevilya” Avstriyada “Zalsburq”la, “Lill” isə Almaniyada “Volfsburq”la üz-üzə gəlib. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gəlib. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərdilər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edirdi. “Zalsburq” evdə, “Lill” isə səfərdə qələbə qazanıb. Bu nəticələrdən sonra Fransa çempionu qrup birincisi olubsa, Avstriya təmsilçisi ikinci yerlə 1/8 finala yüksəlib.
H qrupunda “Yuventus” “Malmö”nü, “Çelsi” isə “Zenit”i sınağa çəkib. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedib. “Çelsi”nin xal itirdiyi gündə qələbə qazanan “Yuventus” qrup mərhələsini birinci yerdə başa vurub.
Daha öncə Fransanın PSJ, İngiltərənin “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi”, Niderlandın “Ayaks”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” və “Atletiko” (Madrid), Almaniyanın “Bayern”, İtaliyanın “İnter” və “Yuventus” klubları 1/8 vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
8 dekabr
E qrupu
“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:0
Qol: Yaremçuk, 16. Jilberto, 22.
“Bayern” (Almaniya) – “Barselona” (İspaniya) 3:0
Qol: Müller, 34. Sane, 43. Musiala, 62.
Xal durumu: Bayern – 18, Benfika – 8, Barselona – 7, Dinamo – 1.
F qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) 1:1
Qol: Qrinvud, 9 – Rider, 42.
“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) matçı təxirə salınıb
Xal durumu: Mançester Yunayted – 11, Vilyarreal – 7, Atalanta – 6, Yanq Boyz – 5.
G qrupu
“Zalsburq” (Avstriya) – “Sevilya” (İspaniya) 1:0
Qol: Okafor, 50.
“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) 1:3
Qol: Şteffen, 89 – B.Yılmaz, 11. David, 72. Qomes, 78.
Xal durumu: Lill – 11, Zalsburq – 10, Sevilya – 6, Volfsburq – 5.
H qrupu
“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) 1:0
Qol: M.Kin, 18.
“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) 3:3
Qol: Klaudinyo, 38. Azmun, 41. Yeroxin, 90+4 – Verner, 2; 85. Lukaku, 62.
Xal durumu: Yuventus – 15, Çelsi – 13, Zenit – 4, Malmö – 1.