“Bazel”in baş məşqçisi Patrik Rahmen Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, İsveçrə təmsilçisinin çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hələ ilk oyundan sonra göründü ki, rəqib bizimlə eyni səviyyədədir. Digər qrup matçlarında olduğu kimi bu dəfə də qələbəyə köklənməliyik. Qrup birinciliyi uğrunda final qarşılaşmasına çıxacağıq. Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək.
“Qarabağ” taktiki cəhətdən yaxşı komandadır. Rəqib sürətli oynamağı sevən, meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir”.
Rahmen onu da bildirib ki, bu oyuna maraq azdır. Onun sözlərinə görə, qarşılaşmaya 9 mindən az bilet satılıb: “Matçın az sayda fanatın iştirakı ilə oynanılması ehtimalı var. İştirak edənlər komandanı yüksək səslə dəstəkləsələr, bu, əlbəttə, bizə kömək edəcək”.
Sabah keçiriləcək “Bazel” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.