Oyundan öncə “Uğur olsun” deyirdiksə, indi “Keçmiş olsun” deməkdən başqa çarə yoxdu. Belə olacağını hələ bir həftə öncə təxmin etmiş, videogörüntülərə əsaslanan yazı hazırlamışdıq. İsveçrədə əyləşən dünya futbol idarəçilərinin ədalətsizliyi bir neçə turdu buna hesablanmışdı, sözügedən ölkənin təmsilçisini qrup lideri etmək üçün səfərbər olmuşdular.

İbrahima Vadjinin bir neçə real qol şansını qaçırması, “Qarabağ”ın oyunçularının bəzi səhvləri – bütün bunlar təfərrüatlardı. Ağdamlılar hətta 5 qol vursaydı, hakimlər “Bazel” üçün 6-nı təşkil edəcəkdi. Onlar zatən ilk dəqiqədə Abdulla Zubirin təmiz qolunu hesaba almamaqla, ardınca meydan sahiblərinin qolunda ofsaydı “görməməklə” niyyətlərini göstərdilər. Ona görə də oyunu analiz etmək, epizodları sadalamaq, məğlubiyyətin səbəblərini araşdırmaq vaxt itkisidi.

“Qarabağ” səfər oyununda da layiqli mübarizə apardı, hakimlərə rəğmən, “Bazel”ə futbol dərsi keçdi. Yalnız hakimlərə qalib gələ bilməyəcəkləri aydınlaşandan sonra komanda ruhdan düşdü, ardıcıl qollar buraxdı.

Qrup qalibi olmaq mümkün olmadı, lakin təmsilçimiz zatən boyundan hündürə tullanmağı bacarıb. Azərbaycan tarixində ilk dəfə qrup mərhələsini adlayan Qurban Qurbaovun yetirmələri indi 1/16 finaldakı rəqibini gözləyir. UEFA-nın hakimlərin əli ilə birbaşa çıxmağa imkan vermədiyi 1/8 finala yüksəlmək üçün ağdamlılar daha bir rəqibi keçməlidi.

Fevralda təmsilçimizə rəqib olacaq komandalar zəif deyil, mübarizə çətin keçəcək. Amma nəticədən asılı olmayaraq, “Qarabağ” futbolumuzu əla təqdim etməkdədi. Qurbanovun armadası hər keçən il hədəfləri böyüdür, öz çağırışına özü cavab verir, qürur mənbəyi olmaqdan vaz keçmir. Nəticə öz yerində, sərgilənən futbol qürurvericidi. “Halal olsun” deyib, fevralı gözləyək…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp