Biri günahlarının bağışlanması üçün nəinki qapıda durub top buraxmağa, lazım olsa, ayyaqqabı silməyə qədər enəcək məmur, digəri vicdanlı işi sayəsində layiq olduğu ehtiramı ən yüksək səviyyədə görən şəxsiyyət. Müqayisəsi nəticələrdə gizlənir – fərqi özünüz bilirsiz…

İlham Əliyev bir nömrəli futbol azarkeşi olduğunu növbəti dəfə göstərdi. Cənab Prezident bu qədər problemin, işin arasında “Qarabağ”ı qəbul etməyə vaxt tapdı, ölkənin idman imicini ən yaxşı şəkildə yüksəldən təmsilçimizi üzbəüz təbrik etdi. Bu görüş pandemiya səbəbindən videokonfrans şəklində də baş tuta bilərdi. Lakin dövlət başçısı Ağdam klubunun üzvlərini qəbul etməyi, hamısının yanına gedərək onların əlini bir-bir sıxmağı lazım saydı, böyüklük jesti etdi.

Görüşdə iştirak edən, təyinatı videokonfrans formasında reallaşan gənclər və idman naziri də “Qarabağ”ın sayəsində ilk xallarını qazandı.

Prezidentin görüşdəki çıxışı növbəti dəfə onun “Qarabağ”ı necə izlədiyini göstərdi. Az qala hər xırda detala diqqətlidi, haqsızlıqları görür, yazılan tarixin önəminə əhəmiyyət verir. “Omoniya” ilə matçda səhv edən Şahruddin Məhəmmədəliyevə dedikləri ibrətamiz idi: “Sən də yaxşı qapıçısan, cəsarətlə qabağa gedirsən”. Prezident qapıçının səhvini yox, cəsarətini qabartdı. Bu dəstəyin qarşılığını vermək lazım olacaq.

Prezident 3-cü dəfədi “Qarabağ”ı qəbul edir. Onun hər qəbulundan sonra komanda növbəti hədəfə köklənir, uğurların miqyasını böyüdür. Bu dəfə də elə olacaq, artıq qrupdan çıxmaq minimum hədəfə çevriləcək. Necə ki, o, “Çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim” deməklə ümumi arzularını ifadə etdi, həm də strategiyanı müəyyənləşdirdi. Deməli, “Qarabağ” ən azı indiki uğurunu təkrarlamalı, digərləri isə ona çatmağa çalışmalıdı. Bunu necə bacaracaqlarını həmin klublar düşünsün.

Dövlət başçısı yalnız nəticəni əsas götürmür, “Qarabağ”ın klub kimi örnək addımlarına da diqqət edir: “Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın”.

Prezident “Qarabağ”ı nümunə göstərir, digər klubları onlar kimi görmək istədiyini bildirir. Təbii ki, ad çəkmir, amma yığma komandamızdan da uğur gözlədiyini hiss etdirir. Və…

…və dünən başqa bir tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hövlank açıqlama verir. Sanki prezidentin göstərdiyi hədəfi məqbul bilmir, paralimpiadaçıları nümunə götürür, uğursuz zarafatla paralimpiadaçıların Zəfər bayrağını müvəqqəti olaraq onlara vermələrini xahiş edir: “Bəlkə yığmamız uğur qazana bildi”.

Məmmədov uğursuz fəaliyyəti ilə rəzil günə saldığı milli komandanı indi özü lağ obyektinə çevirir. Arzusu da Paralimpiya Oyunlarında uğurudu. Niyyətinə görə haqlıdı, şikəst qoyduğu Azərbaycan futbolu yalnız belə yarışda nəsə edə bilər. Amma paralimpiyaçılarımız şərəflə daşıdıqları Zəfər bayrağını bu uğursuz adama həvalə etməsinlər…

Elxan bəy bu açıqlamanı təsadüfən verməyib, stressin nəticəsidi. Axı, “Qarabağ” dövlət rəhbərliyi ilə görüşə ilk dəfə AFFA-dan kimsə olmadan yollanmışdı. Cənab Prezident də futbolun hansı vəziyyətdə olduğunu bilir, “Qarabağ”ın bu bataqlıqdan kənarda qalmasının, yeganə uğur nümunəsi olmasının fərqindədi. Onu da bilir ki, AFFA-nın klubun nəticələrində zərrə qədər rolu yoxdur, əksinə, onun kölgəsində gizlənir. Bütün sahələrdə qalib Azərbaycan yalnız futbolda geri qalır, boşluğu doldurmaq üçün isə “Qarabağ” sinəsini irəli verib. Ona görə də futbolla bağlı tədbirə AFFA-dan kimsə dəvət olunmayıb, əvəzində yeni gənclər və idman naziri Fərid Qayıbov ön plana çıxıb.

FƏRİD

P.S.: Dünənədək “Neftçi” Azərbaycan futbolunun flaqmanı sayılırdı. Cənab Prezident son illərdəki nəticələri nəzərə alaraq, “Qarabağ”ı flaqman elan etdi. “Neftçi” veteranlarının reaksiyası maraqlıdı: razılaşmaya bilərlərmi?

P.P.S.: Prezidentin, nəhayət, ümumi futbolun durumu ilə də bağlı danışması xoş olardı. Elşad Nəsirovun raportuna əsasən yox, real mənzərəyə görə…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp