Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

Futbolinfo.az xəbər verir ki, buna tədbir zamanı yanlışlığa yol verilməsi səbəb göstərilir.

Belə ki, İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun 6-cı tur matçı London təmsilçisində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınıb. UEFA bu oyunla bağlı yekun qərarını vermədiyinə görə, püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester Siti”nin rəqibi müəyyənləşərkən “Tottenhem”lə “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə “Lester Siti”yə Danimarka “Randers”i rəqib olub. İddiaya görə, bu iki klub püşkün nəticəsini etibarsız hesab edib apellyasiya şikayəti vermək istəyir. Bu halda püşkatmanın yenidən təşkil olunması istisna edilmir.

Xatırladaq ki, daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi texniki nasazlıq səbəbindən təkrarlanmışdı.

Avropa Konfrans Liqasının püşkatması təkrarlansa, bu turnirdə çıxış edən Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi dəyişə bilər. Ağdam klubu pley-offda Fransanın “Olimpik” (Marsel) komandasına rəqib olub. Azərbaycan təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp