Futbol üzrə Polşa yığmasının baş məşqçisi Paulo Souza postundan ayrılmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezari Kuleşa məlumat verib.
O, yerli mətbuata açıqlamasında Souzanın Polşa Futbol İttifaqı ilə olan müqaviləsinin ləğvini istədiyini söyləyib. Lakin Kuleşa, baş məşqçinin istefasının qəbul olunmadığını bildirib:
“Paulo Souza məndən bir klubdan aldığı təkliflə əlaqədar müqaviləsinə xitam verilməsini xahiş etdi. Amma bu, çox məsuliyyətsiz davranışdır. Üstəlik, baş məşqçinin əvvəlki açıqlamaları ilə uyğun gəlmir. Ona görə də mən istefadan qəti şəkildə imtina etdim”.
Xatırladaq ki, Paulo Souza 2021-ci ilin yanvar ayında Polşa yığmasına baş məşqçi təyin olunub. Onun Braziliyanın “Flamenqo” klubu ilə anlaşdığı iddia olunur.