“Neftçi” çoxsaylı legionerlərini bir-bir yola salır. Amma Roman Bask, Harramiz Soares kimi heyət üzü görməyən oyunçulardan imtina edilməsi başadüşüləndisə, komandanın çempionluğunda böyük rol oynamış Sabir Buqrinin gedişi düşünməyə əsas verir.

Bask artıq Fransa “Şatoru”su ilə anlaşıb, Harramiz də vida ərəfəsindədi. Belçika vətəndaşı olan Buqrin isə özü Bakıdan ayrılmaq istəyir. Daha yaxşı təklif alan Sabirin maliyyə tələblərini yerinə yetirmək istəməyən “Neftçi” onu satacaq. Yarımmüdafiəçini yayda havayı buraxmaq istəməyən paytaxt təmsilçisi tezliklə bu gedişi rəsmən açıqlayacaq.

Buqrin hansısa Avropa təmsilçisinə yox, Tunisin ən titullu klubu “Esperans”a gedir. 31 qat ölkə çempionu Mərakeş əsilli futbolçu ilə anlaşıb, klubların razılaşmasından sonra transfer elan ediləcək. İlyarım öncə “Düdelanj”dan gələn Buqrin bakılıların qış hazırlığına qoşulmayacaq.

Shares: