Təbii ki, Aleksey Baqa Bernard Raab deyil. Belaruslu karyerası ilə öyünə biləsi simadısa, alman sıradan bədən tərbiyəsi müəllimi idi. Ona görə də “Sumqayıt”ın baş məşqçiliyi etibar edilən bu iki əcnəbi arasında paralellər aparmaq mümkünsüzdü.

“Kimyaçılar” 9 illik fasilədən sonra yenidən legioner məşqçiyə tapşırıldı. Bu müddətdə “Gənclik şəhəri” təmsilçisinə yalnız yerlilər rəhbərlik etdi və komandanın ən yaxşı nəticələrini də özümüzkülər qazandı. Samir Abasovun vaxtında yaxşı oynamağa başlayan komanda Ayxan Abbasovun dövründə ən yüksək nəticələrini göstərdi. İlk medal, 2 dəfə kubokun finalçısı olmaq və avrokuboklara yollanmaq məhz sonuncunun xidməti idi.

Və era bitdi. “Sumqayıt” yenə əcnəbiyə güvənib. Baqanın karyerası onun haqda ümidli danışmağa imkan verir. Lakin Azərbaycan Alekseydən də ttullu məşqçilər görüb, uğuru isə adlar yox, işi düzgün quranlar qazanıb.

Bəri başdan deyə bilərik ki, Baqa “Sumqayıt”da imicini xərcləyəcək. Çünki o, kluba yox, menecer-prezident Riad Rəfiyevin eksperiment düşərgəsinə gəlib. Abbasov kimi prinsipial olsa, rəhbərliyə işinə qarışmağa imkan verməsə, nələrsə nail ola bilər, əks halda, komandanın son illərdəki uğurları yalnız arzulanacaq.

Baqa Azərbaycana tam fərqli niyyətlə gəlib. Riad Rəfiyev ona uğurlu işləyəcəyi halda daha yaxşı komandalara yerləşdirəcəyi barədə vəd verib. Prezidentdən çox menecer olan bu şəxs əhatə dairəsinə, imkanlarına güvənir. Belaruslu mütəxəssis də perspektivi düşündüyü üçün 5-6 aylıq müvəqqəti dayanacağa razılaşıb.

“Sumqayıt”ın uğuru Riad bəyin düşündüyü ən son məsələdi. Futbolçu transferindən qazanacaqları, şəxsi karyerasının yüksəlişi həmişə onun üçün prioritet olub. Baqa da onun menecerlik fəaliyyətində növbəti pərdədi.

Aleksey 8 min dollar maaşa razılaşıb Azərbaycana gələcək biri deyil. Belarusun iki fərqli komandasını – BATE və Soliqorsk “Şaxtyor”unu çempion edən, Litvada “Jalgiris”ə qızıl medallar qazandıran məşqçi bu uğurlara son 4 ildə nail olub. Və belə bir çalışdırıcının birdən-birə Sumqayıtda peyda olması təsadüf deyil. Rəfiyev ona milli komandamızın baş məşqçi postunu vəd edib. Hazırda U-21-lə biabırçı nəticələr qazanan Milan Obradoviç də eyni vədlə gətirilmişdi, indi də Baqaya payızda qovulacağı şübhə doğurmayan Canni de Byaziyə xələf olacağı vədi verilib. İtaliyalını da Riad bəy gətirmişdi, indi ona etimad limiti bitib, faiz götürmək, qazanmaq üçün yeni kadr lazımdı və Baqa əsas namizəd kimi “Sumqayıt”da təqdim olunur.

Baqa kimi məşqçini “Sumqayıt”a başqa cür gətirmək mümkün deyildi. O, klubun son illərdəki nəticələrinə aldanaraq Litvada etdiklərini burada da təkrarlayacağına həvəslənib. Amma onu nə gözlədiyini yaz başlayanca anlayacaq. Legionersiz, məqsədli milliləşdirilənlərdən ibarət heyətlə komanda maksimumunu son iki mövsümdə göstərib. Baqanın möcüzə edəcəyinə, milliyə real namizəd sayılacağına şəxsən mən inanmıram. Düzdü, Rəfiyev AFFA-dakı dostlarına, şəriklərinə arxayındı. Lakin namizəd olmaq üçün öncə klubda fərqli iş ortaya qoymaq lazımdı.

Baqa dünən təqdimat mərasimində milliyə mümkün təyinatı barədə də danışıb: “Futbol elə sahədir ki, burada şayiələr çox olur. Hazırda heç bir başqa təklif məni maraqlandırmır. Bütün düşüncələrim “Sumqayıt”la bağlıdır. Bura gələndən özümə qarşı böyük diqqət sezilir. Yerli klubları analiz etmişik. “Qarabağ”ı çıxsaq, digər klubların bərabər səviyyəli olduğunu görürük. Komandaların heyətində maraqlı oyunçular var”.

Belaruslu dediklərində səmimidirsə, lap yaxşı. Bəlkə də 2,5 illik müqavilə böyük layihə üçün imzalanıb. Yayda maaşı artacaq məşqçi klubun strategiyasını dətişməyə nail olsa, legioner transferinə razılıq alsa, büdcə artımı reallaşsa, “Sumqayıt”da müəyyən işlər görmək olar. Amma Rəfiyevin olduğu yerdə bütün bunlar xülyadı – onu klubun yox, yalnız şəxsi qazancı düşündürür. Yayda Millətlər Liqasının qrupundan çıxmasının mümkün olmayacağı anlaşılan de Byazinin yerinə Baqanın namizədliyinin təbliğatı başlayacaq. Əmin olun!..

FƏRİD

Shares: