“Neftçi” PFK qış təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesinə yanvarın 5-də start verən komanda bu gün də bir məşqlə kifayətlənib.
“Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqə müxtəlif səbəblərdən itkilərlə çıxıb. Fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo, həmçinin futbolçular Tyaqo Bezerra və Sezar Meza Kolli COVİD-19 virusuna yoluxduqları, Xorxe Korreanın ailəsində bu virusa yoluxan olduğu üçün karantinə alındığına, Mamadu Kane isə Qvineya milli komandasının düşərgəsində olduğuna görə toplanışa gec qoşulacaqlar.
Bundan əlavə, Sabir Buqrin başqa klubla transfer danışıqları apardığı, hazırlığın ilk günündə dizindən zədə alan Aqil Məmmədov isə əməliyyat olunduğu üçün məşqdə iştirak etməyiblər. Yeni transfer Azər Salahlı əməlliyyatdan sonra fərdi məşğul olur.
Əvəzində, əvəzedici komandadan Seymur Əliyev, Ramin Nəsirli və Rüfət Abbasov toplanışa cəlb olunublar.
“Neftçi”nin təlim-məşq toplanışı yanvarın 9-dək Bakıda baş tutacaq. Hazırlığın ikinci mərhələsi üçün yanvarın 10-da Türkiyəyə yollanacaq “ağ-qaralar” Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq. Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.