Dekabrda “Araz”dan (Naxçıvan) ayrılıb Qazaxıstanın “Bayterek” klubuna keçən Hadi Ahmadi futzal üzrə Azərbaycan millisinin toplanışı ilə əlaqədar Bakıya dönüb.
Futbolinfo.az hücumçunun federasiyanın rəsmi saytına müsahibəsini təqdim edir:
- “Bayterek”də işlərin necə gedir? Yeni klubuna adaptasiya olmusanmı?
- Əlbəttə, bir ölkədən digərinə yollanmaq, fərqli şəraitə, sistemə uyğunlaşmaq asan deyil. Üstəlik, Qazaxıstanın çox soyuq olduğunu da unutmaq olmaz. Bakıda belə sərt soyuq olmur. “Bayterek”də ilk oyunum “Kayrat”a qarşı oldu. Cəmi 2 gün idi komandaya qoşulmuşdum. İlk matçda uduzsaq da, ikinci görüşdə qələbə qazandıq. Debüt etdiyim oyunda həm qol vurdum, həm də qol ötürməsi verdim. Ukraynalı baş məşqçimiz millinin heyətindəki oyunlarımı görmüşdü deyə, meydana buraxmaqda tərəddüd etmədi. Bu cür uğurlu start adaptasiya işini bir qədər yüngülləşdirdi. Tədricən uyğunlaşmağa çalışdım. Onu da qeyd edim ki, hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşsaq da, ilk “3-lük”dəki komandaların hamısına qalib gəlmişik.
- Klubun şəraiti necədir?
- Yaxşıdır. Kluba məxsus oyun, fitness zalları var. Məşqlərimizi də, ev oyunlarımızı da həmin zalda keçirik. Azarkeşlər də oyunlarımızı mütəmadi izləyir. Maraq daha çoxdur. Pandemiyaya rəğmən, hər görüşdə bizi yalnız buraxmırlar. Komandada 3 iranlı futzalçının olması da mənə kömək oldu. Həm oyun stilimiz bir-birinə bənzəyir, həm də ünsiyyət qurmaq işim asan olur. Biz iranlılar bir “dördlük”də yer alırıq.
- “Bayterek” 6-cı pillədədir. Mükafatçılar sırasına düşmək ehtimalı varmı?
- Pley-off sistemi ilə keçirilir çempionat. 9 komandadan 8-i pley-off-da iştirak edəcək. Bizim də bu mərhələyə düşmək şansımız yüksəkdir. Transfer dövründə heyətə yeni futzalçılar qoşulacaq. Ola bilsin, yenilər iranlılar olsun.
- Müqavilən nə vaxt başa çatacaq?
- Hazırkı anlaşmam mövsümün sonuna qədərdir. Ancaq təklif olsa, karyeramı orada davam etdirməyi düşünürəm. Hər şey məni qane edir.
- Bizim futzalçılardan kimləri xəbər alırdılar?
- Emin Kürdovu, Xətai Bağırovu, Ramiz Çovdarovu soruşurdular. Onlar müxtəlif vaxtlarda orda oynayıblar, turnirlərdə iştirak ediblər.
- Millinin toplanışı ilə əlaqədar Bakıdasan. Yəqin ki, Ukrayna ilə oyunları izləmisən…
- İzlədim və milli özünə bənzəmədi. Məncə, baş məşqçinin dediklərini icra edə bilmədi komanda yoldaşlarım. Həm də ölkə xaricində çıxış edən futzalçıların taktiki planda “axsadıqları”nı gördüm. Ola bilsin, az məşq ediblər və buna görə Alesionun istədiklərini icra edə bilməyiblər. Həm də bu yoxlama oyunları idi. Məqsəd komandanın durumunu görmək, zəif tərəflərini müəyyənləşdirmək idi. Baş məşqçi final mərhələsinə qədər yəqin ki, aşkarladığı səhvləri, çatışmazlıqları yoluna qoyacaq.
- Qalan vaxt kifayət edəcək?
- Hər şey özümüzdən asılıdır. Ürəklə məşq etsək, canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq. Heç vaxt gec deyil.
- Final mərhələsində hansı qarşılaşmanı “kilid oyun” hesab edirsən?
- Gürcüstanla oyunu qeyd edərdim. Bu matçda qələbə qazansaq, ikinci yeri tuta bilərik. Qrupun aşkar favoriti İspaniyadır, amma biz onlara da təslim olmaq haqda düşünmürük. Əlbəttə, Bosniya və Herseqovina da zəif komanda deyil. Maraqlı final mərhələsi olacaq.