Polşanın “Legiya” klubu Ramil Mustafayevi heyətinə qatıb. Hamının azərbaycanlı kimi təqdim etdiyi, AFFA-nın da milliyə cəlb etməyə çalışdırıcı bu oyunçu əslində, bizlərdən biri deyil. Ad-soyad oxşarlığı işbazların əlinə fürsət versə də, gənc müdafiəçini ölkəmizə heç nə bağlamır.
Mahir Emrelinin vidalaşmaq üzrə olduğu Varşava klubu 18 yaşlı oyunçunu Jeşuv “Stal”ından transfer edib. Onunla 2025-ci il yayına qədər davam edəcək müqavilə imzalanıb.
Yeni komandasında 32 nömrəli formanı geyinəcək Ramillə əlaqə saxlayıb fikirlərini öyrəndik. Onun əslində kim olduğunu dəqiqləşdirmək niyyətində idik. Eyni zamanda Mahirə bağlı məsələlərə onun münasibətini öyrənmək istəyirdik.
Mustafayev qısa və konkret danışdı: “Mən azərbaycanlı deyiləm. Dağıstandan, Mahaçqaladanam. Azərbaycanla hər hansı bağlılığım yoxdu. Mahir Emrelini isə tanımıram”.
Ramil AFFA-dan milli komandada oynamaq üçün dəvət aldığını, amma göstərdiyi səbəblər üzündən imtina etdiyini bildirdi.
Bu açıqlama arxivinizdə qalsın. Ola bilər, sabah AFFA böyük pullar qarşılığında Mustafayevin saqqızını oğurlayaraq onu milliləşdirər, o zaman Mustafayevin dediklərini yadınıza salarsız.