İngiltərənin “Everton” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi “Mançester Yunayted”dən Donni van de Beki, “Tottenhem”dən isə Dele Allini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlanddan olan 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Everton”da icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma nəzərdə tutulmayıb. İngiltərəli yarımmüdafiəçi isə birdəfəlik transfer olunub. 25 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.
“Ayaks”ın yetirməsi olan Donni van de Beek 2020-ci ildə 47.05 milyon dollara “Mançester Yunayted”ə keçmişdi. Lakin Niderland yığmasının üzvü bu komandada çox forma şansı qazanmırdı. O, “qırmızı şeytanlar”ın heyətində cəmi 50 oyuna çıxıb və 2 qola imza atıb. Bu mövsüm 14 oyunun iştirakçısı olan yarımmüdafiəçi, 1 qolla yadda qalıb.
Dele Alli isə 2015-ci ildən “Tottenhem”in uğurları üçün çalışırdı. İngiltərə yığmasının da üzvü olan futbolçu, London klubuna “Milton Kins Dons” komandasından transfer edilmişdi. Britaniya mətbuatının iddiasına görə, “Everton” bu transferə görə londonlulara 40 milyon funt-sterlinq ödəyəcək. Alli “Tottenhem”in heyətində bütövlükdə 269 oyuna çıxıb, 69 qola imza atıb.