İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçularla gücləndirib. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi “Frozinone”dən Federiko Qattini, Mönxenqladbax “Borussiya”sından isə Denis Zakariyanı transfer edib.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. Qatti mövsümün sonuna qədər icarə əsasında “Frozinone”də çıxış edəcək. O, yayda “Yuventus”un düşərgəsinə qoşulacaq.

Federiko Qatti 2021-ci ilin yayında “Pro Patriya”dan “Frozinone”yə transfer edilib. İtaliyalı 23 yaşlı mərkəz müdafiəçisi daha öncə “Verbaniya”, “Pavarolo” və “Saluzzo” kimi klublarda da forma geyinib.

Denis Zakariya isə 2017-ci ildən “Borussiya”da forma geyinirdi. İsveçrə yığmasının da üzvü olan 25 yaşlı yarımmüdafiəçi, Almaniya klubunun heyətində bütövlükdə 146 oyuna çıxıb, 11 qola imza atıb. O, əvvəllər ölkəsində “Servett” və “Yanq Boyz”un uğurları üçün çalışıb. İsveçrə millisində 40 oyuna çıxan futbolçu, 3 qol da vurub.

“Yuventus” bu iki transferlə yanaşı, öz oyunçularından da üçü ilə vidalaşıb. Belə ki, Turin təmsilçisi yarımmüdafiəçilərdən Aaron Remzi, Rodriqo Bentankur və Deyan Kuluşevski ilə yollarını ayırıb.

Remzi Şotlandiyanın “Reyncers” klubuna icarəyə verilib. Uelsli futbolçu mövsümün sonuna qədər bu komandada çıxış edəcək. Qlazqo təmsilçisi yayda təcrübəli oyunçunu birdəfəlik heyətinə qata bilər. Remzi yeni komandasında 16 nömrəli formada çıxış edəcək. 2019-cu ildən İtaliya klubunda forma geyinən Aaron, bu komandanın heyətində bütövlükdə 70 oyuna çıxıb, 6 qol vurub. Uels millisinin də üzvü olan 31 yaşlı futbolçu, əvvəllər “Kardif Siti”, “Nottingem Forest” və “Arsenal”ın da uğurları üçün çalışıb.

Deyan Kuluşevski ilə Rodriqo Bentankur isə İngiltərənin “Tottenhem” klubuna keçib. Turin klubu Kuluşevskini 2023-cü ilin 30 iyununa kimi icarəyə verib. “Tottenhem” bunun üçün 10 milyon avro ödəyəcək. Lakin icarə müddəti bitəndə İngiltərə klubunun 35 milyon avro əlavə ödəniş etməklə isveçli sağ cinah yarımmüdafiəçisini birdəfəlik transfer etmək öhdəliyi də var. Daha öncə “Atalanta” və “Parma”da oynamış Deyan, “Yuventus”da 2020-ci ildən çıxış edirdi. O, bu komandada 74 oyuna çıxıb, 9 qol vurub. İsveç yığmasında 20 oyun keçirmiş futbolçu, cəmi 1 dəfə fərqlənib.

Rodriqo Bentankur isə “Tottenhem”ə birdəfəlik transfer olunub. O, London klubu ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalayıb. İngiltərə klubu bu keçidə görə turinlilərə 19 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 25 milyon avroya yüksəlməsi mümkündür.

Shares: